Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
İnternet vasitəsilə foto, video və səs göndərməkdən sonra indi də qoxu ötürülməsi texnologiyası gündəmə gəlib.
“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Ohayo Dövlət Universiteti və Çinin Zhejiang Laboratory tədqiqatçılarının hazırladığı “Scentronic” adlı süni intellekt əsaslı sistem qoxuları rəqəmsal məlumatlara çevirərək internet vasitəsilə başqa məkana ötürməyə imkan verir.
Sistem xüsusi elektron burun vasitəsilə ətrafdakı qoxuları müəyyənləşdirir, analiz edir və əldə olunan məlumatları digər cihazlara göndərir. Qəbul edən tərəfdəki qurğu isə həmin məlumatları emal edərək əvvəlcədən hazırlanmış qoxu komponentlərini birləşdirir və xüsusi püskürtmə mexanizmi ilə havaya yayır. İnternet mağaza
Tədqiqatçılar texnologiyanı qəhvə, pivə, qırmızı şərab, keks və portağal olmaqla beş fərqli qoxu üzərində sınaqdan keçiriblər. 14 könüllünün iştirak etdiyi təcrübələrdə iştirakçılar ayrı-ayrılıqda ötürülən qoxuları təxminən 73 faiz, iki qoxunun birlikdə ötürüldüyü sınaqları isə 71 faiz dəqiqliklə tanıyıblar.
Texnologiyanın diqqətçəkən xüsusiyyətlərindən biri də sürətidir. Sistem qoxu sensorlarından daxil olan siqnallara təxminən 0,6 saniyə ərzində cavab verə bilir. Hazırda tədqiqatçılar bu texnologiyanın biləklik və boyunbağı kimi daşına bilən cihazlarda tətbiqi imkanlarını da araşdırırlar.
Bundan başqa, komanda virtual reallıq eynəkləri ilə istifadə oluna bilən xüsusi stəkan prototipi də hazırlayıb. Qurğu həm qoxu, həm də ətirli maye təqdim edə bilir. Bu isə virtual mühitdə seçilən içkinin qoxusunu və dadını real şəraitdə hiss etmək imkanını yarada bilər.
Qeyd edək ki, sistem vasitəsilə real qoxu molekulları internet üzərindən göndərilmir. Qoxu rəqəmsal məlumat şəklinə salınır, qəbul edən cihaz isə əvvəlcədən müəyyənləşdirilmiş komponentlərdən istifadə etməklə ona bənzər qoxu yaradır. Buna görə də texnologiya hələlik bütün qoxuları tam dəqiqliklə təkrarlamaq imkanına malik deyil.
Gələcəkdə bu texnologiyanın onlayn parfüm sınaqları, virtual reallıq, eləcə də uzaq məsafədən yemək və içki qoxularının ötürülməsi kimi sahələrdə tətbiqi gözlənilir.
Araşdırmanın nəticələri 22 oktyabr 2026-cı ildə “Science Advances” elmi jurnalında “Scentronic: An artificial intelligence-assisted olfactory interface for remote odor sharing and transmission” adı ilə dərc olunub.