İnterpolun axtardığı 39 azərbaycanlı

09.09.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ekspertlər hesab edir ki, bu təşkilatın əvvəlki nüfuzunu itirməsinin bir neçə səbəbi var

2026-cı ildə Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxslərdən Hidayət Süleymanov Monteneqroda, Seymur Salahzadə Ukraynada, Tahir Əskərov isə Qazaxıstanda saxlanılaraq Azərbaycana ekstradisiya edilib və ya ekstradisiya proseduruna cəlb olunub. Ümumilikdə 39 Azərbaycan vətəndaşı İnterpolun “Red Notice” siyahısında olduğu barədə məlumat yayılıb. Siyahıda həm Azərbaycan vətəndaşları, həm də ikili vətəndaşlığı olan şəxslər var. 39 nəfərin hamısının hansı konkret cinayət üzrə və hansı dövlət tərəfindən axtarıldığı barədə açıq məlumat yoxdur.

İnterpolun açıq “Red Notice” bazası bütün axtarılan şəxsləri göstərmir. İnterpol bildirir ki, bildirişlərin əksəriyyəti yalnız hüquq-mühafizə orqanları üçün əlçatandır, saytda yalnız ictimaiyyətə açıqlanmasına icazə verilənlər dərc olunur. İnterpolun öz saytı da məlumatların mütəmadi yeniləndiyini və bütün bildirişlərin ictimai olmadığını bildirir.

Bir vaxtlar “İnterpol səni axtarır” ifadəsi kriminal aləmdə son xəbərdarlıq kimi qəbul olunurdu. Sərhədi keçdin, başqa ölkəyə getdin, başqa ad altında yaşadın - fərqi yox idi. İnterpolun “qırmızı bülleteni” varsa, dünyanın harasında olursan ol, gec-tez yaxalanacağın düşünülürdü. Amma XXI əsrin beynəlxalq hüquq reallığı bir qədər başqadır. İnterpol hələ də dünyanın ən mühüm polis əməkdaşlığı mexanizmlərindən biridir, lakin onun haqqında cəmiyyətdə formalaşmış “dünya polisi” obrazı hüquqi baxımdan doğru deyil. Bu baxımdan Azərbaycandan beynəlxalq axtarışa verilmiş və açıq mənbələrdə 39 nəfərin adının yer aldığı bildirilən siyahı da maraqlı suallar doğurur. Əsas sual heç də “39 nəfər niyə qaçıb” deyil. Bu şəxslərin neçəsi həqiqətən İnterpolun açıq “Red Notice” sistemindədir, hansı ölkələr tərəfindən axtarılırlar, hansı ittihamlarla təqib olunurlar və barələrində məhkəmə hökmü varmı?

Çünki burada çox vacib hüquqi incəlik var. İnterpolun özünün açıqlamasına görə, “Red Notice” beynəlxalq həbs orderi deyil. Bu, hüquq-mühafizə orqanlarına şəxsin yerinin müəyyənləşdirilməsi və ekstradisiya və ya digər hüquqi prosedur üçün müvəqqəti saxlanılması barədə beynəlxalq xəbərdarlıqdır. Şəxsin həbs edilib-edilməməsinə isə onun tapıldığı ölkənin qanunları qərar verir. Yəni İnterpol heç bir ölkəyə “bu adamı mütləq həbs edin və mənə təhvil verin” əmri verə bilmir. İnterpolun gücü başqa yerdədir - məlumatda.

Təşkilat 196-dan çox ölkənin hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsini təmin edir. Bir ölkədə cinayət törətməkdə şübhəli bilinən şəxsin başqa ölkəyə qaçması artıq onun üçün avtomatik təhlükəsiz zona yaratmır. İnterpol mexanizmi məhz həmin sərhədlərarası boşluğu doldurur. Azərbaycanın axtarıdğı şəxslərin saxlanılması, ekstradisiyası da bunu göstərir.

Bəs onda niyə İnterpolun əvvəlki nüfuzu azalıb?

Ekspertlər hesab edir ki, bunun bir neçə səbəbi var.

Əvvəla, dünya dəyişib. İkincisi, insanlar artıq beynəlxalq hüququn mexanizmləri haqqında daha çox məlumatlıdır. Üçüncüsü isə son illərdə İnterpol sistemindən siyasi məqsədlərlə istifadə edilməsi barədə beynəlxalq səviyyədə ciddi narahatlıqlar yaranıb. "Amnesty İnternational" 2026-cı ilin yanvarında İnterpolun “Red Notice” mexanizmindən siyasi dissidentlərə, tənqidçilərə və hüquq müdafiəçilərinə qarşı sui-istifadə edilməsi ilə bağlı ciddi narahatlıq ifadə edib. Təşkilatın yüksək vəzifəli nümayəndəsi Erika Guevara-Rosas bildirib ki, dövlətlərin beynəlxalq polis mexanizmlərindən siyasi məqsədlərlə istifadə etməsi ilə bağlı narahatlıqlar artıq uzun müddətdir mövcuddur. Bu, İnterpolun özünə qarşı çox ciddi reputasiya problemidir. Çünki bir tərəfdə həqiqi cinayətkarların axtarışı dayanır. Digər tərəfdə isə belə bir təhlükə var ki, hansısa dövlət öz siyasi opponentinə qarşı cinayət işi başlayır, həmin şəxsi beynəlxalq axtarışa verir və bununla da onun başqa ölkələrdə hərəkət imkanlarını məhdudlaşdırır.

Bu zaman “Red Notice” artıq yalnız hüquqi mexanizm olmur. Onun reputasiya və siyasi nəticələri də ortaya çıxır.  Beynəlxalq insan hüquqları təşkilatlarının narahatlığı məhz bundan qaynaqlanır.

“Freedom House”nin 2026-cı il üzrə transsərhəd repressiya ilə bağlı araşdırmalarında da avtoritar dövlətlərin xaricdə yaşayan siyasi opponentləri və dissidentləri izləmək üçün müxtəlif beynəlxalq mexanizmlərdən istifadə etdiyi, bəzi hallarda İnterpolun “Red Notice” sisteminin də bu prosesə cəlb olunduğu vurğulanır.

Bu məsələdə İnterpolun öz mövqeyi isə aydındır: təşkilat siyasi xarakter daşıyan məsələlərə müdaxilə etməməlidir. "Red Notice" tələbləri müəyyən hüquqi və prosedur meyarlara uyğun olmalıdır. Deməli, problem qaydanın olmaması deyil. Problem həmin qaydanın praktikada nə qədər effektiv qorunmasıdır. Məhz burada İnterpolun nüfuzuna zərbə dəyir. Çünki bir təşkilat nə qədər böyük olursa-olsun, onun haqqında əsas sual “nə qədər insanı axtarır?” yox, “axtarışların nə qədərinin hüquqi əsasları şəffaf və etibarlıdır?” sualıdır.

Məsələnin digər tərəfi isə İnterpolun açıq internet bazasında bütün axtarılan şəxsləri göstərməməsidir.

Təşkilat özü bildirir ki, “Red Notice”lərin yalnız ictimaiyyətə açıqlanmasına icazə verilən hissəsi açıq şəkildə dərc olunur. Buna görə də internetdə görünən şəxslərin sayını bütün dünya üzrə və ya konkret ölkə üzrə axtarılanların tam sayı kimi qəbul etmək düzgün deyil.

Bu, 39 azərbaycanlı ilə bağlı rəqəmə də ehtiyatla yanaşmağı tələb edir. 39 nəfər - əgər bu rəqəm müəyyən tarixdə açıq mənbələr əsasında hazırlanmış siyahıya aiddirsə - araşdırma üçün ciddi rəqəmdir. Amma onların hamısını “cinayətkar” adlandırmaq hüquqi baxımdan düzgün olmaz. Çünki “axtarışda olmaq” və “məhkəmə tərəfindən təqsirli bilinmək” eyni şey deyil.

Bir şəxs haqqında cinayət işi başlanlıbsa və o, istintaqdan yayınaraq başqa ölkəyə gedibsə, barəsində beynəlxalq axtarış elan edilə bilər. Lakin bu, həmin şəxsin avtomatik olaraq cinayətkar elan edilməsi demək deyil.

Əksinə, məhz burada təqsirsizlik prezumpsiyası qorunmalıdır. İnterpolun “Red Notice” sistemi ilə bağlı ən mühüm yanlış təsəvvür də budur. Təşkilatın öz saytında açıq şəkildə yazılıb - "Red Notice" beynəlxalq həbs orderi deyil. Axtarılan şəxslər onları tələb edən dövlət və ya beynəlxalq tribunal tərəfindən axtarılır; hər bir ölkə isə şəxsin saxlanılıb-saxlanılmamasını öz milli qanunvericiliyinə əsasən müəyyən edir.

Bu o deməkdir ki, bir ölkə İnterpola müraciət etməklə digər dövlətin məhkəməsini öz iradəsinə tabe etdirə bilməz. Məsələn, Azərbaycan hansısa şəxsi axtarırsa, onun Gürcüstanda, Ukraynada, Monteneqroda və ya başqa ölkədə müəyyən edilməsi hələ avtomatik olaraq həmin şəxsin Azərbaycana göndərilməsi demək deyil. Bundan sonra ekstradisiya prosesi başlayır. Və ekstradisiya artıq tamam başqa mərhələdir. Burada həmin ölkənin qanunları, iki dövlət arasında ekstradisiya müqavilələri, məhkəmə qərarları, şəxsin hüquqları, siyasi sığınacaq məsələsi və işgəncə və ya ədalətsiz məhkəmə riski kimi faktorlar nəzərə alına bilər.

Ona görə də İnterpolun “qırmızı bülleteni” ilə ekstradisiya arasında çox böyük hüquqi məsafə var. Bəlkə də İnterpolun əvvəlki “qorxulu” imicinin itməsi də məhz buradan qaynaqlanır. Əvvəllər cəmiyyət İnterpolu bir növ “dünya polisi” kimi təsəvvür edirdi. İndi isə daha aydın görünür ki, İnterpolun özünün həbs etmək, məhkəmə qurmaq və şəxsi bir ölkədən digərinə zorla aparmaq səlahiyyəti yoxdur.

Əslində isə bu, İnterpolun zəifliyi yox, beynəlxalq hüququn qoruyucu mexanizmidir. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью