Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Kulis.az Hədiyyə Şəfaqətin "Elə adamlar var..." şeirini təqdim edir.
Elə adamlar var, adamdan qabaq
Bilinir, bir dəstə yarpaq olublar
Olublar yamyaşıl, kövrək sevincli
Sonra saralıblar, qopub düşüblər,
Sonra düşdükləri yerdə ölüblər...
Üstündən ay keçib, il keçib bəlkə
Ruhları dolanıb bağların üstə
İntizar dağ boyda, ümid bir tikə
Budaqdan qopmaqla barışmayıblar,
Çürüyüb torpağa qarışmayıblar...
Yaddaşdan çıxmayıb yaşıl çağları,
Üzülüb əlləri yenə, üzülüb,
Düşüb öldükləri şah budaqlara
Hər bahar başqa yarpaqlar düzülüb...
Sonra...
Sonrasında nə olasıdır,
Gediblər, itiblər öz-özlərindən,
Sonra doğulublar
Adamlar kimi,
Yaşıllıq tökülür üz-gözlərindən...
Hələ də sağdılar, hələ də canlı,
Hələ də sevirlər ağaclarını.
Bir yol kənarında
Bir dağ başında
Görəndə hələ də gözləri dolur,
Bəzi adamların yarpaq keçmişi
Çürümür,
Göyərib ürəyi olur..