Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
O, Milli Ordumuzun ilk diktoru, məfkurə mahnılarının nadir ifaçısıdır
Bəzən dinlədiyimiz bir mahnıda bütöv bir dövrün ruhunu, xalqın Vətən sevgisinin ən ülvi duyğularını hiss edirik. Belə mahnılar zamanın sərt sınağından keçərək yaddaşlara köçür, insanların qəlbində özünə əbədi yer tutur. Şəmistan Əlizamanlının ifasında səslənən vətənpərvərlik nəğmələrində yurd sevgisi, milli ruh, torpaq uğrunda mübarizə əzmi bəzən döyüşə səsləyən çağırış, bəzən qəhrəmanlıq salnaməsinin musiqi dili, bəzən də Vətən qarşısında mənəvi borcun ifadəsidir.
Sənətini Vətənə xidmətin bir parçasına çevirən Şəmistan Əlizamanlı ilə söhbətimizdə onun yaradıcılıq yolundan və yaddaşında iz qoyan məqamlardan, musiqinin insan ruhuna təsirindən, vətənpərvərlik duyğusunun sənətdə ifadəsindən danışdıq.
– Şəmistan müəllim, həyat yolunuza nəzər salanda göz önündə müxtəlif obrazlar canlanır: səhnədə aktyor, efirdə hərbi diktor, mahnılarında Vətən sevgisini yaşadan ifaçı. Maraqlıdır, bu 3 istiqamətin hansında özünüzü tapdınız?
– Əvvəlcədən deyim ki, hər üçündə. Mən Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu şöbəsini bitirmişəm. 2-ci kursda oxuyarkən səhnə danışığı müəllimimiz bütün tələbələrin səsini lentə yazdı. Tanınmış bədii qiraət ustası, mərhum Ənvər Vəliyev həmin səs yazılarını dinlədikdən sonra mənə dedi ki, səndən yaxşı diktor olar. 3-cü kursda isə kinorejissor, xalq artisti Tofiq İsmayılov mənə diktorluq sənətinin ardınca getməyi məsləhət gördü. Beləcə, müəllimlərimin məsləhəti ilə diktorluğu seçdim.
O vaxt bir dövlət televiziyası, bir də dövlət radiosu fəaliyyət göstərirdi. Azərbaycan Dövlət Radiosuna müraciət edəndə bildirdilər ki, boş yer yoxdur. 1986-cı ildə müsabiqədə birinci yeri tutaraq işə qəbul olundum. 3 aydan sonra məni Moskvaya, SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə diktorluq üzrə ixtisasartırma kursuna göndərdilər. Orada təcrübə keçdim, səsimi lentə yazdılar, verilən mətnləri oxudum. Kurs rəhbəri məndən soruşdu ki, nə vaxtdan işləyirsiniz? Dedim cəmi 3 aydır. Bəs niyə gəlmisiniz? – deyə soruşanda cavab verdim ki, öyrənmək istəyirəm. O isə bildirdi ki, sizi öyrətməyə ehtiyac yoxdur, hər şey qaydasındadır. Onu da deyim ki, aktyorluq təhsilimin də mətni dinləyiciyə düzgün və təsirli çatdırmağımda böyük rolu vardı.
– O dövrdə, xüsusilə rayonda yaşayan bir gəncin aktyorluq sənətini seçməsi cəsarət tələb edirdi. Bu sənətə marağınız necə yaranmışdı?
– Böyük qardaşım 1-ci sinfə gedəndə, mən də israrla məktəbə getmək istəmişəm. Yerində dayanmayan, dəcəl, inadkar uşaq idim. Valideynlərim fikirləşiblər ki, bir həftə getsin sonra həvəsdən düşəcək. Amma dərsə diqqətlə qulaq asır, deyilənləri yadda saxlayırdım. Müəllimlər də qalmağımı məsləhət bildilər. Beləcə, 5 yaşımda qardaşımla eyni sinifdə oxumağa başladım.
Məktəbdə müəllim və yuxarı sinif şagirdləri pyeslərdən səhnəciklər hazırlayırdılar. Mən bu səhnəcikləri çox maraqla izləyirdim. Teatr məni elə o illərdən özünə çəkirdi. Əslində isə arzum gəmi kapitanı olmaq idi. Kəndimizin yanından çay axırdı, günümüz o çayın sahilində keçirdi. Yaxşı üzür, balıq tutur, hərdən atımızı da çaya salıb üzdürürdüm.
Nədənsə, dənizləri, okeanları gəzib dünyanı görmək arzusuna düşmüşdüm. 15 yaşımda atam məni Bakıya, dənizçilik məktəbinə gətirdi. Amma yaşım az olduğundan qəbul etmədilər. O vaxt texniki peşə məktəbində çalışan bir qohumumuz atama dedi ki, qoy qalsın burda texniki peşə məktəbində oxusun, bir sənət sahibi olsun. Beləcə, Bakıda qaldım. Məni elektrik-qaz qaynaqçısı ixtisasına yazdırdılar. Əlbəttə, qaynaqçı olmaq istəmirdim. Məqsədim şəhərdə qalmaq idi. Tez-tez teatr dərnəklərinə, mədəniyyət evlərinə, klublara gedirdim. Səhnəyə marağım getdikcə daha da artırdı.
Peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə yollandım. 1977–1979-cu illərdə Moskvada xidmət etdim. Demək olar ki, hər həftənin bazar günü teatrlara gedirdim.
Böyük qardaşım İrəvanda Kənd Təsərrüfatı Texnikumunda oxuyurdu. Hərbi xidmətdən qayıdanda mənə dedi ki, burada Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrı var. Bu qədər həvəsin var, gəl, həmin teatrda işlə. İrəvana getdim. Teatrın direktoru Hidayət Orucov məni çox mehriban qarşıladı. Xeyli söhbət etdik. Məni aktyor kimi işə götürdü. İlk söhbətimiz indiyədək yadımdadır. Allah ona rəhmət eləsin. Çox dəyərli ziyalı idi, mənə böyük dəstək göstərirdi.
2 il işləyəndən sonra Hidayət müəllim dedi ki, Bakıda İncəsənət İnstitutunda təhsil almaq üçün göndəriş hazırlanıb, siyahıya sənin də adını yazmışam. O zaman göndərişlə gələnləri rektor, professor Aslan Aslanov özü qəbul edir, suallar verir, qabiliyyətlərini yoxlayırdı. Bir şeir söylədim, çox xoşuna gəldi. Dedi ki, sən artıq qəbul olunmusan. Sənət imtahanını SSRİ Xalq artisti, professor Mehdi Məmmədov götürürdü. O, mənim çıxışımı çox bəyəndi və mənə hər 3 imtahandan “5” qiymət yazdı. Dram və kino aktyorluğu şöbəsinə qəbul olundum .
1992-ci ildə Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri, mərhum Məmməd İsmayıl məni radiodan televiziyaya, “Günün ekranı” xəbərlər proqramının diktoru kimi işə dəvət etdi. O ərəfədə Müdafiə Nazirliyindən hərbi diktora ehtiyac olduğunu bildirirdilər. Həmin il iyulun 7-dən hərbi diktor kimi fəaliyyətə başladım. Bakının, təxminən, 7 yerində səsgücləndirici qurğular quraşdırılmışdı. Əslində, İkinci Dünya müharibəsi dövründə istifadə edilmiş həmin qurğuları sonradan bərpa etmişdilər. Oxuduğum xəbərlər, cəbhədəki vəziyyət barədə məlumatlar insanların sıx toplaşdığı yerlərdə səsgücləndirici ilə xalqa çatdırılırdı.
– Aktyorluq və diktorluqdan danışdıq. Bəs necə oldu ki, vətənpərvərlik mahnıları oxumağa başladınız?
– Bunu bir neçə dəfə söyləmişəm. 1992-ci ildə Ağdərəyə getdim, cəbhədə baş verənləri gözlərimlə görmək istəyirdim. Döyüşlərdə iştirak etdim, hətta bir dəfə mühasirəyə düşdük. Ağdərədə Yusif Mirzəyevlə tanış oldum, cəbhəyə könüllü getmişdi. Hərbi hissədə arxa cəbhə üzrə komandir müavini idi. Amma ön xətdə döyüşürdü, qorxu nədir bilmirdi. Tanışlığımız dostluğa çevrildi. Yusifin böyrəklərində problem yarandı və onu xəstəxanaya yerləşdirdik. Mühasirədə olarkən yaxınlığımda partlayan mərmi əsəb sistemimə təsir etmişdi. Həkimlər mənim də müalicə almağımı məsləhət gördülər. Yusiflə xəstəxanada eyni otaqda qalırdıq. Xəstəxananın həkimi Şahin Musaoğlu bizə tez-tez baş çəkirdi. Bir gün yazdığı “İgid əsgər, möhkəm dayan” mahnısını zümzümə etdi. Mahnı Yusifin çox xoşuna gəldi. Dedim ki, əgər bu qədər bəyəndinsə, mən bu mahnını oxuyub sənə həsr edəcəyəm. Ona belə bir söz verdim.
Yusif xəstəxanadan çıxıb Ağdərəyə qayıtdı. Mən isə Müdafiə Nazirliyinə. Hər dəfə görüşəndə mahnının taleyini soruşurdu. Mən də bəhanələr gətirirdim, düşünürdüm ki, ifa edə bilməyəcəyəm.
Azərbaycanın Milli Qəhrəmanı fəxri adını almaq üçün Yusifin sənədləri Prezident Aparatına təqdim olunmuşdu. Bir neçə gündən sonra şəhid oldu. Onun haqqında “Vətən sənə oğul dedi” adlı veriliş hazırladıq. Yusifə verdiyim sözdən xəbərdar olan dostlar məndən soruşdular ki, mahnını ifa edəcəksən? Mən yenə də tərəddüd edirdim. Teleşirkətin sədri Məmməd İsmayıla müraciət etdim. O, mətnə baxıb dedi: “Şəmistan, bəlkə, sınayasan?” Səsyazma studiyasında yarım saatlıq məşqdən sonra mahnını ifa etdim. Mahnı Yusifə həsr olunan verilişin sonunda səsləndirildi. Mətbuatda həm veriliş, həm də mahnı haqqında xoş sözlər yazıldı.
Sonralar daha bir neçə mahnı ifa etdim, disk və kasetlərim işıq üzü gördü. 2002-ci ildə “Turan ellər var olsun” mahnısını lentə yazdırdım.
Mahnı Türkiyədə də məşhurlaşdı və məni TRT-də yayımlanan “Diriliş Ərtoğrul” filminə dəvət etdilər.
Beləliklə, yaradıcılığımın hər 3 istiqamətində də özümü tapdım.
– Bəzən insanın həyatında elə hadisələr olur ki, onun taleyini dəyişir. “İgid əsgər, möhkəm dayan” mahnısını oxumasaydınız, aktyorluqla məşğul olardınız, yoxsa diktorluqla?
– O dövrdə aktyorluqla məşğul olmaq üçün şərait yox idi, kino istehsalı demək olar dayanmışdı. Yəqin ki, diktorluğu davam etdirərdim. Mahnı yaradıcılığı isə məni gözləmədiyim halda yenidən kinoya gətirdi.
– Həmin dövrdə ön cəbhədə silahla döyüşənlərlə yanaşı, sözlə, səslə, sənətlə də mübarizə aparanlar vardı. Sizcə, müharibənin taleyində mənəvi ruhun, xalqın inamının və milli birliyin rolu nə qədər həlledici idi?
– Demək olar, bütün xalq müharibəyə qoşulmuşdu. Könüllülər o qədər çox idi ki, hamısını yerləşdirmək mümkün olmurdu. Cəbhələrdə olarkən bunu öz gözlərimlə görürdüm. Döyüşlə yanaşı, milli ruh da böyük rol oynayırdı. Kimi corab toxuyub gətirir, kimi çörək bişirir, kimi isti paltar göndərirdi.
Vətənpərvərlik ruhu son dərəcə yüksək idi. Gənclərin bir qismi eşitdikləri mahnıdan, oxuduqları şeirdən ruhlanaraq cəbhəyə yollanırdı. Bu mahnılar dillər əzbəri olmuşdu. Şəxsən tanıdığım çoxlu sayda gənc sonradan hərbçi, zabit oldu, aralarında milli qəhrəmanlar, generallar da var. Məncə, bu nəğmələr əsgər üçün mənəvi qida idi, xalqı qələbəyə səsləyirdi.
– Vətənpərvərlik mövzusunda çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. Sözsüz ki, onların hamısı qəlblərə yol tapa bilmir. “Çağırır Vətən”, “İgid əsgər, möhkəm dayan”, “Qalx, Azərbaycan”, “Cənab leytenant”, “Birinci batalyon”, “Vətən əmanəti” kimi mahnıları milli yaddaşa çevirən əsas xüsusiyyət nə idi: sözün qüdrəti, bəstəkarın duyumu, yoxsa ifaçının məharəti?
– Yaxşı sualdır. Bu mahnıların sözləri sadə, səmimi idi. Çalışırdıq ki, hər kəlmə əsgərin qəlbinə yol tapsın. Mən mahnını ifa edəndə gözümün önünə səngərdəki əsgəri gətirir, sanki, onunla söhbət edirdim. Hər mahnının üzərində işləyir, bəzən mahnının tempini dəyişirdim. Məsələn, “Vətən əmanəti” mahnısını səs tembrimə uyğun bir qədər yavaş ifa edirdim. Düşünürəm ki, hərbi motivli mahnılar bas-bariton səslə daha təsirli alınır. Mənim də səsim bas baritondur.
Məncə, söz də, bəstə də gözəl ola bilər, amma ifaçı ürəkdən oxumasa, mahnı qəlblərə yol tapa bilməz. Səsin tembri də əsərə uyğun olmalıdır. “İgid əsgər, möhkəm dayan” mahnısını yazanda fit səsindən istifadə etdim. İkinci Dünya müharibəsi dövründə Mark Bernes kimi ifaçılar da bu cür mahnılar oxuyurdular. Təəssüf ki, Yusif mahnını eşidə bilmədi.
– 2020-ci il sentyabrın 27-də sizi Dövlət Televiziyasına çağırmışdılar. Həmin gün efirdə hansı mahnınız səsləndi?
– Əslində, hadisələr daha əvvəl başlamışdı. General Polad Həşimovun şəhid olmasından sonra məni Prezident Administrasiyasına çağırdılar. Bildirdilər ki, düşmən təxribat hazırlayır, mənim səsim və mahnılarım isə xalqın yaddaşında yaşayır. Vətənpərvərlik ruhunda yeni mahnıların yazılması təklif olundu və dövlətin buna dəstək verəcəyi bildirildi. O vaxt “Kuruluş Osman” serialına dəvət almışdım, amma imtina etdim. Bəstəkar və aranjimançı Fərahim Sadiqlə onun studiyasında mahnılar yazmağa başladıq. Bu mahnılara AzTV, İctimai TV və Real TV-də kliplər çəkildi, özüm də çəkilişlərdə iştirak etdim.
Sentyabrın 27-də səhər Dövlət Televiziyasından zəng etdilər, saat 9-da hərbi geyimdə ora gəlməyimi istədilər. Artıq səhər saatlarında müharibə başlamışdı. Bildirdilər ki, çəkiliş qrupu cənab Prezidentin çıxışını lentə alır. Ali Baş Komandanın çıxışından sonra siz efirə çıxacaqsınız. Studiyada gözləyərkən millət vəkilləri rəhmətlik Qənirə Paşayeva və Rasim Musabəyov da gəldilər. Prezidentin çıxışından sonra mən efirə çıxdım və “Cənab leytenant” mahnısını ifa etdim. Həmin günlərdə bir neçə televiziya kanalında çıxış edərək xalqı ruhlandırmağa çalışırdım.
– 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər yaradıcılığınıza yeni məzmun gətirdi. Uzun illər həsrət, mübarizə ruhlu və qələbə arzusu ilə ifa etdiyiniz mahnılar indi Zəfər ruhunda səslənir. Bu gün sizə təqdim olunan mətnlərdə hansı bədii keyfiyyətləri axtarırsınız?
– Çox istərdim ki, böyük Qələbəmizi əzəməti ilə əks etdirən zəfər marşı ifa edim. Doğrudur, anım günlərində “İgid əsgər, möhkəm dayan”, “Cənab letenant” və s. mahnılar səslənir. Amma onlar müharibə illərinin mahnılarıdır. Bəzən müharibədən bəhs edən ən dəyərli bədii əsərlər hadisələrdən illər, hətta onilliklər sonra yaranır.
– Qarabağın azad olunması ilə tarixi ədalət bərpa edildi. İndi həmin torpaqlarda yenidən həyat qurmaq, milli-mənəvi dəyərləri qoruyub gələcək nəsillərə ötürmək mühüm məsuliyyətdir. Sizcə, bu gün vətənpərvərlik anlayışı hansı məzmunu daşımalıdır?
– Düşmən vaxtilə gülüstan olan yurdlarımızı xarabazara çevirmişdi. İndi isə o yerlərə həyat yenidən qayıdır, şəhərlər, qəsəbələr salınır. Dəfələrlə Füzulidə, Ağalı kəndində, işğaldan azad olunmuş bir çox ərazilərimizdə olmuşam. İnsanların doğma torpaqlarına qayıtdığını, iş yerlərinin yaradıldığını görəndə adamın ürəyi açılır. Məktəbdən gülə-gülə çıxan uşaqları görmək, sözün əsl mənasında, xoşbəxtlikdir. Bir vaxtlar o yerlərə yenidən gedə biləcəyimizi xəyal etmək belə çətin idi. Bu gün o abadlaşdırmaq, orada həyatı dirçəltmək əsl vətənpərvərlikdir. Bu işdə çalışan hər kəs Vətənə xidmət edir.
Əlbəttə, hər şeydən əvvəl şəhidlərimizə borcluyuq. Onların ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq. Xalqımız qəhrəman xalqdır. Amma ordunu irəli aparmaq üçün, ilk növbədə, cəsarətli, qətiyyətli komandan lazımdır. 1992-ci ildə də ordumuz vardı, lakin vahid komandanlıq və idarəçilik yox idi, pərakəndəlik hökm sürürdü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti sayəsində xalqımız Zəfər çaldı.
– Yaradıcılığınızda türk dünyasının ortaq tarixi, milli yaddaşı və mənəvi bağlılığı mühüm yer tutur. Bu barədə nə deyə bilərsiniz?
– Mahnılarım Türkiyədə çəkilən, İstanbulun fəthindən bəhs edən “Mehmet: Fetihler Sultanı” serialında da səslənib. Həmçinin 15 iyul dövlət çevrilişinə cəhdə həsr olunan, TRT 1-də yayımlanan “Əsrlik gecə” bədii-sənədli filmin 3 bölümündə ifalarımdan istifadə olunub. “Diriliş Ərtoğrul” serialında isə aktyor kimi çəkilmişəm.
– Şəmistan müəllim, illər keçəcək, müharibə və Zəfər salnaməmiz tarix kitablarında, sənədli filmlərdə, bədii əsərlərdə daha geniş şəkildə öz əksini tapacaq. Bir sənətkar kimi Zəfər tariximizdə hansı izi qoyduğunuzu düşünürsünüz?
– Təvazökarlıqdan uzaq da olsa deyim ki, ifa etdiyim mahnıların gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu var. Məktəblərdə uşaqlar bu mahnıları xorla oxuyurdular. Tanıdığım yüksək rütbəli hərbçilərdən biri mənə danışmışdı ki, Qubadlı işğal olunanda qələbəyə inamım qalmamışdı, hərbi xidmətdən ayrılmaq istəyirdim. “İgid əsgər, möhkəm dayan” mahnısını dinləyəndən sonra fikrimdən daşındım. Həqiqətən, bəzən bir mahnı insanın qərarını dəyişir. Sözləri sadə olsa da, təsiri son dərəcə güclü ola bilir:
Çox sınadı bizi zaman
Neçə şəhid getdi qurban.
Sinəsi ilə sipər olan
İgid əsgər, möhkəm dayan.
Bu sözlərin sadəliyi, musiqinin qəlbəyatımlılığı və səsin ahəngi insanlara təsir edirdi. Mənə elə gəlirdi ki, bu, təkcə mənim yox, xalqın səsidir.
Şəhid valideynləri ilə çox qarşılaşmışam. Deyiblər ki, övladları bu mahnıları dinləyib cəbhəyə yollanıblar. Elə qadınlar olub ki, həyat yoldaşının yaşının çox olmasına baxmayaraq, televiziyada ifamı eşidəndən sonra döyüşə getmək qərarı verdiyini və şəhid olduğunu söyləyiblər. Səmimi deyim, ifa etdiyim mahnıların bu qədər güclü təsir göstərəcəyini özüm də təsəvvür etmirdim. Bu dövlətin vətəndaşı kimi fəxr edirəm ki, Qələbəmizin qazanılmasında mənim də payım var.
– Maraqlı söhbətə görə, sağ olun.
P.S. Şəmistan Əlizamanlının illər öncə səngərlərə, evlərə, ürəklərə yol tapan səsi bu gün Vətən nəğməsinə çevrilib. Hərbi diktor kimi səsləndirdiyi xəbərlər, yurd həsrətindən, torpaq sevgisindən və qələbə əzmindən yoğrulan mahnıları zamanın yaddaşına həkk olunub. Belə sənətkarlar, haqlı olaraq, dövlət səviyyəsində də layiqincə qiymətləndirilirlər. Doğrudan da, sənətkar üçün ən böyük mükafat Vətənə həsr etdiyi illərin dəyərləndirilməsi olur.
Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ