İpəyi, mirvarini və soyuq vüqarı kətana köçürən rəssam

20.11.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

1503-cü il noyabrın 17-də Florensiyada İtaliya İntibahının ən məşhur portret rəssamlarından biri Anyolo Bronzino dünyaya gəlib. O, italyan manyerizminin görkəmli nümayəndəsi olmaqla yanaşı, insanın zahiri gözəlliyini, zadəgan vüqarını və dəbdəbəli həyat tərzini kətan üzərində heyrətamiz dəqiqliklə əks etdirməyi bacaran sənətkarlardan biri idi.

Bronzinonun portretlərini digər rəssamların əsərləri ilə qarışdırmaq çətindir. Onun tablolarında qüsursuz hamar sifətlər, soyuq və hərəkətsiz baxışlar, təmtəraqlı geyimlər diqqəti cəlb edir. Hər bir naxış, mirvari dənəsi, parça qatı və geyimin ən xırda detalı belə incəliklə işlənib. Onun təsvir etdiyi insanlar sanki heç vaxt tələsmir, yersiz gülmür, qayğı və çətinlik yaşamırlar. Onlar tamaşaçıya əlçatmaz, təmkinli və qürurlu görünürlər.

Bronzino Florensiya İntibahının ən qeyri-adi rəssamlarından biri olan Pontormonun şagirdi olub. Müəllimindən mürəkkəb pozalara, zərif xətlərə və gözlənilməz rəng çalarlarının harmoniyasına sevgini mənimsəyib. Lakin zamanla portret sənətində özünəməxsus üslub yaradıb. Bu üslubun əsas xüsusiyyətləri soyuqqanlı ifadə, mükəmməl kompozisiya, dəqiqlik və, demək olar ki, zərgər incəliyi ilə işlənmiş detallardır.

Onun istedadı Mediçilər sülaləsinin diqqətindən yayınmayıb. Bronzino hersoq I Kozimo Mediçinin saray rəssamı təyin edilib. O, Florensiyanın hakim ailəsinin üzvlərinin portretlərindən ibarət bütöv bir sənət qalereyası yaradıb. Bu əsərlər vasitəsilə Mediçilərin zənginliyi, nüfuzu və siyasi qüdrəti nümayiş etdirilirdi.

Rəssamın ən məşhur əsərlərindən biri hersoginya Toledolu Eleonoranın oğlu Covanni ilə birlikdə çəkilmiş portretidir. Tabloda hersoginyanın geyindiyi qızılı naxışlarla bəzədilmiş dəbdəbəli don xüsusilə diqqət çəkir. Hətta bu geyim portretin qəhrəmanının özü qədər məşhurlaşıb. Bronzino parçanın toxumasını, naxışlarını və ən xırda detallarını elə məharətlə təsvir edib ki, tamaşaçıda sanki həmin parçaya böyüdücü şüşə ilə baxmaq istəyi yaranır.

Lakin Bronzino yalnız istedadlı rəssam deyildi. O, həm də şair idi. Sonetlər yazır, ədəbiyyata böyük maraq göstərir və Florensiya Akademiyasının üzvü kimi fəaliyyət göstərirdi. Onun dostları və ünsiyyətdə olduğu insanlar arasında təkcə rəssamlar deyil, şairlər, alimlər və dövrünün tanınmış ziyalıları da vardı.

Anyolo Bronzino 1572-ci ilin noyabrında, 69 yaşında, Florensiyada vəfat edib. Onun məzar daşına isə bu sözlər həkk olunub: “Bronzino kimi yaşayan ölməz”.

Bu ifadə rəssamın sənətinə verilən ən gözəl qiymətlərdən biri idi. Çünki Bronzino öz portretlərində sadəcə insanların zahiri görünüşünü deyil, bütöv bir dövrün zövqünü, dəbdəbəsini, zadəganlıq anlayışını və soyuq vüqarını əbədiləşdirmişdi.

Rəsmjyyə Şərifova,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью