“iPhone 18 Pro Max” Azərbaycanda niyə 9 minə satılır?

15.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Apple” şirkətinin yeni “iPhone 18” seriyasını təqdim etməsindən sonra Azərbaycanda smartfonların satış qiymətləri də gündəmə gəlib. 

Xüsusilə “iPhone 18 Pro Max” modelinin bəzi versiyalarının 9 min manata yaxın qiymətə təklif olunması diqqət çəkir. Belə ki, yeni “iPhone 18”-i ilk gətirib satışa çıxaran bəzi mağazalarda qiymətlər 9 min manatdan başlayır. 

Digər mağazalarda isə ilkin məlumatlara görə, 2 TB yaddaşa malik “iPhone 18 Pro Max”-ın qiyməti 8 999 manata qədər yüksəlir. Halbuki əvvəlki illərdə də iPhone modelləri Azərbaycanda kifayət qədər baha qiymətə satılıb. 

Lakin flaqman modellərin qiyməti əsasən 4-5 min manat civarında olub. Məsələn, hazırda “iPhone 17 Pro Max”-ın 512 GB versiyasının yerli rəsmi satış kanalında qiyməti 4 029 manatdır.

Bəs yeni “iPhone 18” seriyasının qiymətinin bu qədər yüksək olmasının səbəbi nədir? 

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, “iPhone 18 Pro Max”-ın Azərbaycanda bəzi versiyalarının 9 min manat və daha yüksək qiymətə satılması yalnız yeni modelə yüksək tələbatla izah edilə bilməz. 

“Burada gömrük və vergi siyasətinin də ciddi təsiri var. Dolların məzənnəsi dəyişmirsə, amma xaricdə müəyyən qiymətə satılan məhsul Azərbaycanda kəskin şəkildə bahalaşırsa, ilk növbədə onun ölkəyə hansı gömrük və vergi yükü ilə daxil olduğunu soruşmaq lazımdır. 

Azərbaycanda mobil telefon idxalında gömrük ödənişləri, ƏDV və digər məcburi ödənişlər məhsulun son qiymətinə əlavə olunur. Bu mexanizm dövlət büdcəsinə gəlir gətirir, amma eyni zamanda istehlakçı üçün texnologiyanın qiymətini yüksəldə bilər. 

Xüsusilə yüksək qiymətli smartfonlarda vergi və gömrük yükünün məbləği artıq nəzərəçarpacaq rəqəmə çevrilir. Buna görə dolların məzənnə qiyməti dəyişməsə, telefon bahalaşa bilir. Bunun səbəbi də məhz idxalın fiskal yükündə axtarılmalıdır. 

Amma burada daha fundamental bir məsələ var ki, gömrük siyasətinin məqsədi nədir? Əgər məqsəd daxili istehsalı qorumaqdırsa, mobil telefon kimi Azərbaycanda kütləvi istehsalı olmayan texnoloji məhsullara yüksək fiskal yük tətbiq edilməsinin iqtisadi məntiqi ayrıca müzakirə olunmalıdır. 

Çünki belə halda gömrük rüsumu yerli istehsalçını qoruyan mexanizm yox, birbaşa istehlakçının ödədiyi əlavə xərcə çevrilir. Mən hesab edirəm ki, yüksək texnologiyalı məhsullar üzrə gömrük siyasətinə daha diferensial yanaşmaq lazımdır. 

Əhalinin rəqəmsal texnologiyalara çıxışını bahalaşdıran mexanizmlər uzunmüddətli perspektivdə rəqəmsal transformasiya baxımından da müsbət nəticə vermir. Smartfon artıq sadəcə lüks əşya deyil; bankçılıqdan elektron hökumət xidmətlərinə, təhsildən biznes kommunikasiyasına qədər gündəlik iqtisadi fəaliyyətin bir hissəsidir. 

Amma ,gmrük və vergi yükünün olması satıcıya istənilən qiyməti müəyyən etmək hüququ vermir. Əgər məhsulun xaricdəki qiyməti məlumdursa, ölkəyə idxal zamanı ödənilən rüsum və vergilər hesablanandırsa, logistika xərcləri də bəllidirsə, onda yekun pərakəndə qiymət kifayət qədər şəffaf formalaşmalıdır. 

9 min manatın nə qədərinin gömrük və vergi, nə qədərinin logistika, nə qədərinin isə satıcı marjası olduğu istehlakçı üçün aydın olmalıdır. Burada gömrük siyasətinin başqa bir problemi də ortaya çıxır ki, eyni məhsulun fərdi qaydada ölkəyə gətirilməsi ilə kommersiya idxalı arasında yaranan qiymət fərqləri bazarda arbitraj imkanları yarada bilər. 

Əgər kommersiya idxalçısı yüksək fiskal yüklə üzləşir, fərdi gətirilmə mexanizmində isə başqa qaydalar tətbiq olunursa, bu, bazarın normal rəqabət strukturunu poza bilər. Dövlət həm büdcə gəlirlərini, həm də istehlakçı maraqlarını nəzərə alan balanslı mexanizm qurmalıdır. 

Mənim fikrimcə, yeni texnologiyaların Azərbaycanda daha əlçatan olması üçün gömrük siyasəti yenidən qiymətləndirilməlidir. Xüsusilə ölkədə istehsal olunmayan və strateji rəqəmsal istehlak məhsullarında fiskal yükün optimal səviyyəsi ayrıca hesablanmalıdır. 

Sadəcə “idxal olunur, deməli rüsum tətbiq edilməlidir” yanaşması müasir rəqəmsal iqtisadiyyat üçün kifayət qədər əsaslandırılmış yanaşma deyil. Qısaca desək, “iPhone 18 Pro Max”-ın 9 min manatlıq qiymətini yalnız satıcının yüksək marjası ilə izah etmək də, yalnız dollarla əlaqələndirmək də düzgün deyil. Burada üç əsas faktor var: ölkəyə giriş qiyməti və gömrük-vergi yükü, bazarda yeni məhsula yüksək tələb və satıcının marjası”. 

İqtisadçı qeyd edir ki, amma dövlət siyasəti baxımından ən vacib sual  texnologiyaya çıxışı bahalaşdıran gömrük modeli qurulası, yoxsa rəqəmsal məhsulların daha əlçatan olmasına imkan verən rəqabətli idxal mühitinin yaradılmasıdır: 

“Bu sual artıq konkret bir “iPhone” modelindən daha böyük, iqtisadi siyasət məsələsidir”. 

Aişə 
“Cebheinfo.az”

Açar sözlər: “iPhone 18 Pro Max” Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью