Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
iPhone istifadəçiləri son vaxtlar ekranın sağ yuxarı hissəsində şəbəkə və batareya göstəricilərinin yanında kiçik narıncı və yaşıl nöqtələrin göründüyünü daha çox müşahidə edirlər. Bir çoxu bunun nə demək olduğunu anlayıb narahat olur.
Əslində isə bu, heç bir nasazlıq deyil. Apple bu funksiyanı iOS-un yeni versiyalarında məxfilik və təhlükəsizlik məqsədilə əlavə edib.
Narıncı nöqtə nə deməkdir?
Lent.az xəbər verir ki, ekranda narıncı nöqtə (bəzən narıncı kvadrat) görünürsə, bu o deməkdir ki, hansısa tətbiq hazırda iPhonenin mikrofonundan istifadə edir.
Bu, səs yazısı, səsli mesaj göndərilməsi, Siri-nin işləməsi və ya mikrofona giriş icazəsi olan digər proqramlar zamanı baş verə bilər.
Yaşıl nöqtə nə deməkdir?
Yaşıl nöqtə isə telefonun kamerasının aktiv olduğunu göstərir. Bəzi hallarda tətbiq eyni anda həm kameradan, həm də mikrofondan istifadə edə bilər. Məsələn, videozəng zamanı, video çəkilişi edərkən və ya artırılmış reallıq funksiyalarında bu indikator tez-tez görünür.
Hər iki nöqtə Apple tərəfindən rəsmi şəkildə təqdim olunan “məxfilik indikatoru” sayılır və istifadəçinin xəbərsiz şəkildə kamera və mikrofonun işləməsinin qarşısını almağa kömək edir.
Nöqtə yanırsa və səbəbini bilmirsinizsə nə etməli?
Əgər bu nöqtələrdən biri yanır və siz bunun səbəbini anlamırsınızsa, “İdarəetmə Mərkəzi”ni açmaq kifayətdir. Bunun üçün ekranın sağ yuxarı hissəsindən aşağı doğru sürüşdürün. Sistem həmin anda kameraya və ya mikrofona giriş edən tətbiqin adını göstərəcək.
Mütəxəssislər bu indikatorlara diqqət yetirməyi və şübhəli vəziyyət yaranarsa tətbiqlərin icazələrini “Parametrlər” bölməsindən yoxlamağı tövsiyə edirlər. Bu, şəxsi məlumatların təhlükəsizliyini qorumaq üçün ən sadə və effektiv addımlardan biridir.