iPhone qiymətləri arta bilər

18.09.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

"iPhone" telefonlarının qiymətində yeni artım gözlənilir.

Apple-ın əsas komponent təchizatçılarından biri olan "Samsung" ilə yaddaş və saxlama cihazlarının qiymətləri ilə bağlı yeni razılaşma əldə etdiyi bildirilir.

Banco.az xəbər verir ki, sənaye mənbələrinin məlumatına görə, 2027-ci ilin birinci rübündən qüvvəyə minməsi gözlənilən razılaşma çərçivəsində "Apple" "iPhone" və digər cihazlarında istifadə etdiyi RAM və yaddaş vahidləri üçün daha yüksək qiymətlər ödəyəcək.

Qlobal çip bazarında yaranan dalğalanmalar və süni intellekt sektorunun sürətli inkişafı yaddaş çiplərinə tələbatı əhəmiyyətli dərəcədə artırıb. Şirkətlərin böyük həcmli məlumat mərkəzləri qurması qlobal yaddaş bazarında təklif çatışmazlığını gücləndirib.

Məlumata görə,"Apple" hər DRAM vahidi üçün əlavə 2 dollar, hər NAND yaddaş vahidi üçün isə 0,33 dollar ödəyəcək. Bu isə əvvəlki qiymətlərlə müqayisədə yaddaş çiplərinin maya dəyərində təxminən 30-40 faizlik artım deməkdir.

Yaddaş çiplərinin bahalaşması Apple-ın məhsullarının maya dəyərini artıracağı üçün şirkətin bu əlavə xərclərin bir hissəsini istehlakçılara ötürməsi ehtimal olunur.

Şirkətin "iPhone" ilə yanaşı "Mac", "iPad", "Apple TV" və "Vision Pro" kimi digər məhsullarının qiymətlərinə də artan komponent xərclərinin təsir göstərə biləcəyi bildirilir.

2027-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilən yeni yaddaş qiymətlərinin "Apple" məhsullarının pərakəndə satış qiymətlərinə tam olaraq nə qədər təsir edəcəyi isə hələlik məlum deyil. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью