Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Boşanma zamanı ər-arvad arasında əmlak bölgüsü ən çox mübahisə doğuran məsələlərdən biridir. Xüsusilə nikah dövründə ipoteka krediti ilə alınan evin kimə qalacağı, kredit borcunun necə ödəniləcəyi və tərəflərin hüquqlarının necə qorunacağı suallar yaradır.
Bəs boşanma zamanı ipoteka ilə alınan ev necə bölünür?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, nikah dövründə ipoteka ilə alınan ev kimin adına olmasından asılı olmayaraq, boşanma zamanı ər-arvad arasında bölünə bilər: Online alış-veriş
“Ümumiyyətlə, nikah dövründə əldə edilmiş əmlakın, xüsusilə də ipoteka krediti hesabına alınmış mənzilin bölünməsi məsələsi Ailə Məcəlləsinin 32-ci maddəsi və Mülki Məcəllənin 225-ci maddəsi ilə tənzimlənir. Bundan əlavə, Ali Məhkəmənin 12 mart 2004-cü il tarixli Plenum qərarı da var. Həmin Plenum qərarının 4.7-ci bəndində qeyd olunur ki, ipoteka krediti hesabına əldə edilmiş yaşayış sahələri kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, ər-arvadın ümumi əmlakı hesab edilə və onlar arasında bölünə bilər. Yəni mənzilin ipoteka krediti və ya nağd pulla alınmasının fərqi yoxdur. Əsas məsələ onun nikah dövründə əldə edilməsidir. Belə olan halda mənzil tərəflərdən yalnız birinin adına rəsmiləşdirilsə belə, hər iki tərəfin həmin əmlak üzərində hüququ yaranır. Onlar mənzilə bərabər paylarla sahib ola bilərlər.
Sual yaranır ki, tərəflərdən biri evi öz adına saxlaya bilərmi? Bəli, bu mümkündür. Bunun bir neçə hüquqi yolu var. Birinci yol tərəflərin qarşılıqlı razılığıdır. Məsələn, ər-arvad razılaşa bilərlər ki, mənzil ərin mülkiyyətində qalsın, əvəzində isə ər arvada onun payına uyğun kompensasiya ödəsin. Tutaq ki, mənzilin dəyəri 100 min manatdırsa və tərəflərin payları bərabərdirsə, ər mənzili öz mülkiyyətində saxlamaq üçün arvada 50 min manat ödəyə bilər”.
Hüquqşünas qeyd edib ki, tərəflər razılaşarsa, biri evi saxlayıb digərinə payının pulunu ödəyə bilər, razılıq olmazsa, məsələ məhkəmədə həll olunur:
“Əgər tərəflər arasında razılıq əldə olunmursa, məsələ məhkəmə qaydasında həll edilir. Bu zaman əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin oluna bilər. Məhkəmə əmlakın kimə verilməsini müəyyənləşdirir və mənzil bir tərəfin mülkiyyətində saxlanıldıqda digər tərəfə payına uyğun kompensasiya ödənilməsi məsələsini həll edir. Burada bir incə məqam da var. Tutaq ki, mənzil rəsmi nikah bağlanmazdan əvvəl ipoteka krediti ilə alınıb, lakin kredit ödənişləri nikah dövründə də davam etdirilib. Bu halda digər həyat yoldaşının da həmin əmlakla bağlı hüququ yarana bilər. Belə ki, nikah dövründə ümumi vəsait hesabına ödənilmiş kredit məbləği nəzərə alınır və digər tərəfin həmin ödənişlərdəki payı müəyyənləşdirilə bilər. Məsələn, krediti ər ödəyibsə, arvadın da nikah dövründə ödənilmiş məbləğin yarısı həcmində tələb irəli sürmək hüququ yarana bilər”.
Onun sözlərinə görə, kredit ailənin ehtiyacları üçün götürülübsə, borc ər-arvad arasında bölünə bilər. Bunun üçün pulun ailənin ümumi ehtiyaclarına xərcləndiyi sübut olunmalıdır:
“Qeyd edim ki, bu məsələ yalnız ipoteka ilə alınmış mənzillərə aid deyil. Hədiyyə və ya miras yolu ilə əldə edilmiş əmlakla bağlı da müəyyən hüquqi hallar mövcuddur. Lakin burada əmlakın hansı əsasla əldə edilməsi və onun alınmasına sonradan ümumi vəsaitin xərclənib-xərclənməməsi nəzərə alınmalıdır. Növbəti məsələ isə mənzil bölünərkən ipoteka borcunun da bölünüb-bölünməməsidir. Əgər əldə edilmiş əmlak ər-arvadın ümumi əmlakı hesab olunursa və kredit ailənin ehtiyacları üçün götürülübsə, həmin borc da ümumi borc kimi qiymətləndirilə bilər. Kredit borcları ilə bağlı da vətəndaşların bilməli olduğu mühüm məqamlar var. Ali Məhkəmənin Plenum qərarının 3.14-3.17-ci bəndlərində ümumi borclarla bağlı izahlar verilib. Həmin yanaşmaya əsasən, kredit yalnız ər və ya arvaddan birinin adına götürülübsə, onun ümumi ailə borcu hesab edilməsi üçün həmin vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi sübut olunmalıdır.
Məsələn, mən bankdan 50 min manat kredit götürmüşəm, amma həmin pulun ailənin ehtiyaclarına heç bir aidiyyəti olmayıb. Bu halda boşanma zamanı digər həyat yoldaşından həmin borcun yarısını ödəməyi tələb etmək düzgün olmaz. Çünki mən sübut etməliyəm ki, götürdüyüm 50 min manat ailənin ehtiyaclarına sərf edilib. Məsələn, həmin pulla ev təmir olunub, məişət əşyaları və ya avtomobil alınıb.
Yox, əgər mən həmin pulu qumara xərcləmişəmsə və ya başqa şəxslərə vermişəmsə, ailə üzvlərinin bundan xəbəri olmayıbsa və həmin vəsait ailənin ehtiyaclarına sərf edilməyibsə, digər həyat yoldaşının bu borca şərik olması tələb edilə bilməz. Yəni əsas şərt kredit vəsaitinin ailənin ümumi ehtiyacları üçün istifadə olunduğunun sübut edilməsidir”.