İpoteka ilə ev almaq çətinləşə bilər Açıqlama

27.08.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda ipoteka kreditlərinin genişləndirilməsi əhalinin mənzil əldə etmək imkanlarını artırsa da, bu proses daşınmaz əmlak bazarında tələbin yüksəlməsinə də səbəb olur. İpoteka imkanlarının genişlənməsi fonunda mənzil bazarında yaranan əlavə tələb isə qiymətlərin artması ilə bağlı suallar yaradır.
Bəs ipoteka kreditlərinin həcminin artması mənzil əlçatanlığını həqiqətən yaxşılaşdıracaq, yoxsa artan tələb daşınmaz əmlak qiymətlərini yüksəldərək bu imkanın təsirini zəiflədə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ipoteka kreditlərinin genişlənməsi əhalinin mənzil əldə etmək imkanlarını artırır.

Onun sözlərinə görə, sosial layihələr həcm baxımından böyüdükcə daha çox vətəndaş mənzil sahibi olmaq imkanı əldə edir və təbii ki, bu, alqışlanmalı və təqdir olunmalıdır:
“Amma eyni zamanda, belə olduğu halda mənzil bazarında tələbin də artması müşahidə olunur. Bu da tələbin yüksəlməsinə gətirib çıxarır. Əgər tələb təklifdən daha sürətlə artarsa, bu, qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Qiymət artımı bazarda aktivlik və dinamizm olduğu zaman ortaya çıxır.
Tələb və təklif arasındakı fərq nəzərəçarpacaq dərəcədə artdıqda, bazara müraciətlərin sayı da çoxalır və bu, qiymətlərə təsir göstərir.
Amma belə halların qarşısını almaq üçün sosial layihələr, o cümlədən bina tikintisi ilə məşğul olan sektorun, yəni tikinti sektorunun təşviqi ilə bağlı proqramlar həyata keçirilməlidir. Həm sosial layihələr dövlət tərəfindən, həm də eyni zamanda tikinti şirkətlərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə təşviq proqramlarının tərtib edilməsi və həyata keçirilməsi təmin olunmalıdır.
Yəni dövlət tikinti şirkətlərinə müəyyən güzəştlər tətbiq etməlidir ki, onlar daha çox bina tiksin, bazara daha çox mənzil çıxarsın. Bazara çıxarılan mənzillərin sayı artdıqca seçim imkanları da genişlənir. Bu, qiymətlərin tənzimlənməsində müəyyən rol oynaya və qiymət artımının sürətlə baş verməsinin qarşısını ala bilər.
Amma əgər tikintinin qiymətinə təsir göstərən, onun maya dəyərinin formalaşmasına təsir edən amillərdən biri tikinti materiallarının və insan əməyinin, yəni işçi qüvvəsinin əməkhaqqının yüksək olmasıdırsa, tikinti materiallarının qiymətinin artması da nəzərə alınmalıdır. Bu istiqamətdə artım olduğuna görə tikintinin maya dəyəri də artır. Eyni zamanda, normativ şərtlər daha da sərtləşir. Normativ şərtlər sərtləşdikcə, təbii ki, sahibkarın tikintiyə olan xərcləri daha da artır. Bu da maya dəyərinin formalaşmasında xüsusi çəkiyə malik olur və nəticədə qiymətlərin artmasına səbəb ola bilər.
Yəni biz əgər qarşımıza məqsəd qoymuşuqsa ki, ölkə vətəndaşları, mənzilə ehtiyacı olan şəxslər mənzillə təmin olunsun və bunun qarşılığında qiymətlər də artmasın, belə bir yanaşmanı tam şəkildə təmin etmək mümkün deyil. Amma həm qiymətlər müəyyən mənada bazar tərəfindən tənzimlənsin. Yəni bunu inzibati qaydada tənzimləmək mümkün deyil. Həm də mənzil əlçatanlığı təmin olunsun deyiriksə, bayaq qeyd etdiyim kimi, sosial layihələrin həcmi artırılmalıdır. İpoteka və Kredit Zəmanət Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi və digər bu kimi sosial layihələrin həcmi böyüməlidir”.
Vüqar Oruc əlavə edib ki, dövlət tikinti şirkətləri üçün təşviq proqramları hazırlamalıdır:
“Əlavə dəyər vergisi ilə bağlı, sonra torpaq sahələrinin dövlət tərəfindən təqdim olunması ilə bağlı, tikintidə bir çox xərclərin aşağı salınması ilə bağlı və s. Belə təşviq sənədləri və təşviq addımları olmalıdır ki, tikinti sahibkarları və bu sahədə çalışan şəxslər stimullaşsın, daha çox binalar tiksinlər, daha çox investisiya yatırsınlar. Yəni bu baxımdan müəyyən tədbirlər görülməlidir ki, bazara təklif artsın.
Bazarda bolluq olanda, yəni daha çox mənzil bazara çıxarılanda, onun qiymətində yüksək artım baş vermir. Bu, birinci məsələdir.
Maya dəyərinin azaldılması da bayaq dediyim təşviq proqramlarının həyata keçirilməsi ilə mümkündür. Yəni müəyyən mənada bunu tənzimləmək mümkündür.
Amma nəzərə alsaq ki, manatın alıcılıq qabiliyyəti zamanla dəyişir, inflyasiya baş verir və manat əvvəlki dövrlə müqayisədə əvvəlki alıcılıq qabiliyyətini qoruyub saxlamır. Bütün dünyada bu belədir. Milli valyutalar zaman keçdikcə əvvəlki dövrlə müqayisədə öz gücünü itirə bilər.
Eyni zamanda, hazırda mənzil daşınmaz əmlak bazarında investisiya baxımından cəlbedici istiqamətlərdən biridir. Bu da qiymətlərin artımına təsir göstərir”, – deyə Vüqar Oruc fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью