Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün ipoteka kreditləri dövlət dəstəyi ilə həyata keçirilən əsas maliyyə mexanizmlərindən biridir.
"Cebheinfo.az" xəbər verir ki, bu istiqamətdə İpoteka və Kredit Zəmanət Fondu uzun illərdir həm ipoteka kreditlərinin maliyyələşdirilməsini, həm də kredit zəmanəti mexanizmi vasitəsilə vətəndaşların mənzil əldə etməsinə dəstək göstərir.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun açıqladığı sonuncu hesabatda məhz 2026-cı ilin ilk yarısında ipoteka bazarında qeydə alınan göstəricilər, verilən kreditlərin həcmi və əvvəlki ilin eyni dövrü ilə müqayisədə baş verən dəyişikliklər əksini tapır.
Fond 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, hazırda fond 2026-cı ilin birinci rübündə də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
2026-cı ilin yanvar-mart aylarında sözügedən fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 29,9 milyon manat məbləğində 353 ipoteka krediti, o cümlədən, 12,2 milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7 milyon manat məbləğində 238 güzəştli ipoteka krediti verilib.
Ümumilikdə, 2006-cı ildən bəri adıçəkilən fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb ki, bu da 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 aprel 2026-cı il tarixinə Fond tərəfindən 140,8 milyon manat məbləğində 1 497 ipoteka krediti üzrə zəmanət verilib.
2026-cı ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayı ərzində 200 milyon manat kredit verilib.
Bu, 2025-ci ilin eyni dövrü ilə (204,5 milyon manat) müqayisədə 4,5 milyon manat və ya 2,2 % azdır.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 100,4 milyon manat (illik müqayisədə 33,3 % az) olub.
Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 226,3 milyon manat kredit verilib.
Mərkəzi Bankın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 39,7 % azalaraq 131,6 milyon manat olub.
Son 1 ildə İpoteka və Kredit Zəmanət Fondunun istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 39,4 % azalaraq 200 milyon manat, fonda dövlət büdcəsindən ayrılmış vəsait isə dəyişməyərək 42,6 milyon manat olub.
Belə ki, fondun açıqladığı göstəricilər 2026-cı ilin ilk yarısında ipoteka kreditləşməsinin davam etdiyini, eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə bir sıra istiqamətlərdə azalma tendensiyasının müşahidə olunduğunu göstərir.
Bu dəyişikliklərin mənzil bazarına, vətəndaşların ipoteka imkanlarına və ümumilikdə sektorun gələcək inkişafına təsiri isə qarşıdakı dövrdə daha aydın məlum olacaq.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin