İqlim böhranı Avropada meşə yanğınlarının miqyasını genişləndirir

30.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə "Reuters" beynəlxalq informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, Avropada davam edən ekstremal isti hava şəraiti və uzunmüddətli quraqlıq meşə yanğınları riskini daha da artırıb. Agentlik bildirir ki, Avropa İttifaqının Fövqəladə Hallara Cavabın Əlaqələndirilməsi Mərkəzi (ERCC) yaxın günlərdə yanğın təhlükəsinin Fransa və İspaniyadan İtaliya, Yunanıstan və Mərkəzi Avropa ölkələrinə doğru genişlənəcəyi barədə xəbərdarlıq edib.

Bildirilir ki, yüksək temperatur, güclü küləklər, yağıntının az olması və torpağın həddindən artıq quruması yanğınların sürətlə yayılmasına şərait yaradır. Avropa Komissiyasının müvafiq qurumları vəziyyətin nəzarətdə saxlanılması məqsədilə bir sıra ölkələrə yanğınsöndürən təyyarələr, helikopterlər və xilasedici qruplar göndərib. Eyni zamanda, yanğın təhlükəsinin artdığı regionlarda əlavə qüvvələrin hazır vəziyyətə gətirildiyi bildirilir.

Qeyd edək ki, iqlim dəyişiklikləri son illər Avropada meşə yanğınlarının həm sayını, həm də əhatə dairəsini artıran əsas amillərdən biri hesab olunur. Mütəxəssislərin fikrincə, qlobal temperaturun yüksəlməsi və quraqlıq dövrlərinin uzanması bu cür təbii fəlakətlərin daha tez-tez baş verməsinə səbəb olur.

Beynəlxalq ekspertlər hesab edirlər ki, iqlim dəyişikliklərinin yaratdığı risklərin azaldılması üçün dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Müasir dövrdə iqlim böhranı artıq ayrı-ayrı regionların deyil, bütün bəşəriyyətin qarşısında duran əsas çağırışlardan biridir. Avropada baş verən son hadisələr bir daha göstərir ki, təbii fəlakətlərə qarşı effektiv mübarizə yalnız beynəlxalq həmrəylik, elmi əsaslara söykənən qərarlar və dayanıqlı inkişaf prinsiplərinə sadiqlik sayəsində mümkün ola bilər.

Nurəngiz ADİLQIZI

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью