İqlim böhranı “maliyyə sabitliyinin əsasını” getdikcə daha çox təhdid edir

01.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avropa Mərkəzi Bankının (ECB) yüksək vəzifəli nümayəndəsi bildirib ki, iqlim böhranı və təbiət ekosistemlərinin dağılması qlobal iqtisadiyyat üçün getdikcə daha ciddi risk yaradır.

Bizimyol.info xəbər verir ki, ECB İcraiyyə Şurasının üzvü Frank Elderson deyib ki, avrozonanın əsas maliyyə nəzarətçisi olan bank təbiətin insan fəaliyyəti üçün təmin etdiyi “ekosistem xidmətləri”nin məhv olması ilə bağlı maliyyə risklərinin monitorinqini gücləndirir.

“Bu xidmətlər sabit deyil, sürətlə azalır. Məhz buna görə biz iqlim və təbiət böhranlarından danışırıq. Bankların bu xidmətlərdən asılılığını və onların üzləşdiyi riskləri nəzərə alaraq belə nəticəyə gəlirik ki, bu məsələ mühüm əhəmiyyət daşıyır”, – deyə Elderson bildirib.

Fransa və İspaniyada rekord istilər fonunda baş verən genişmiqyaslı meşə yanğınları torpaqlara, bizneslərə və yaşayış evlərinə ciddi ziyan vurub. Hadisələrin insan itkisi ilə yanaşı, iqtisadiyyata da böyük maliyyə yükü gətirəcəyi gözlənilir.

Elderson bildirib ki, qlobal istiləşmə ilə əlaqəli təbii fəlakətlərin artması maliyyə sabitliyi üçün real təhlükə yaradır. Onun sözlərinə görə, ekosistem xidmətlərinin dağılması nəticəsində yaranan risklərin qiymətləndirilməsi üçün daha çox araşdırma aparılmalıdır. Çünki təbiətdən asılılığı müəyyənləşdirmək ayrı-ayrı ekstremal hava hadisələrinin təsirini hesablamaqdan daha mürəkkəbdir.

Ekosistem xidmətləri təbii sistemlərdən və proseslərdən əldə edilən bütün faydaları əhatə edir. Məsələn, su həm xammal kimi, həm hidroenerji mənbəyi kimi, həm də nəqliyyat məqsədləri üçün istifadə olunur. Eyni zamanda, su hövzələri qida istehsalı üçün vacib olan dəniz canlılarının yaşayış mühiti və istirahət xidmətlərinin əsasını təşkil edir.

Elderson vurğulayıb ki, təbiətlə bağlı risklər kredit risklərinə, iqtisadi artıma, inflyasiyaya və uzunmüddətli perspektivdə maliyyə sabitliyinə ciddi təsir göstərə bilər.

“Əgər təbiəti məhv etsəniz, iqtisadiyyatlarımızın dayandığı əsasları da məhv etmiş olarsınız. Bu, sadəcə ekoloji fəalların mövzusu deyil. Bu, əsas iqtisadi məsələdir. Bu, maliyyə sabitliyinin və qiymət sabitliyinin təməl məsələsidir”, – deyə ECB rəsmisi bildirib.

Avropanın ən böyük banklarına nəzarət edən ECB ekosistem xidmətlərinin sürətlə pisləşməsinin maliyyə sisteminə yarada biləcəyi təhlükələri araşdırmaq üçün xüsusi proqram başladıb.

Mərkəzi bank ilin sonunda “ekosistemlərin deqradasiyası ssenarilərinin” avrozonadakı banklarda kredit itkilərinə necə təsir edə biləcəyini araşdıran hesabat dərc etməyi planlaşdırır.

ABŞ-da Donald Trampın prezidentliyi dövründə maliyyə sektorunda “yaşıl gündəm” müəyyən müqavimətlə üzləşib. Bəzi şirkətlər qalıq yanacaq iqtisadiyyatında fəaliyyətlərini davam etdirmək üçün bu siyasətlərə qarşı çıxıblar.

Tramp ötən il ABŞ-ın NGFS-dən çıxmasını təmin edib və nəticədə iqlim riskləri ilə bağlı məsələlərdə Avropa lider mövqedə qalıb.

Bununla belə, Elderson bildirib ki, bank sektoru iqlim və təbiətlə bağlı risklərin həll edilməsinin vacibliyini anlayır. “Düşünürəm ki, Avropada bunun əhəmiyyətsiz olduğunu səmimi şəkildə deyəcək bank tapmaq çox çətindir. Məncə, həmin dövr artıq geridə qalıb”, – deyə o bildirib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью