Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyada silahlı münaqişələr və humanitar böhranlar nəticəsində doğma yurdlarını tərk etmək məcburiyyətində qalan insanların üzləşdiyi çətinliklərə daha bir ciddi təhlükə əlavə olunub. İqlim dəyişikliyi, xüsusilə quraqlıq, daşqın və həddindən artıq istilər milyonlarla məcburi köçkünün həyatını daha da ağırlaşdırır.
Reuters agentliyinin yaydığı məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) təxminən 90 milyon məcburi köçkünün iqlim təhlükələrinə yüksək dərəcədə məruz qalan ölkələrdə yaşadığını açıqlayıb. Bu, dünyadakı məcburi köçkünlərin təxminən dörddə üçünü təşkil edir. Əfqanıstan və Banqladeş belə ölkələr sırasındadır.
UNHCR-nin COP31 İqlim Konfransı ərəfəsində açıqladığı hesabatda silahlı münaqişələr, məcburi köçkünlük və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqəyə diqqət çəkilib. Təşkilatın əməliyyatlar üzrə ali komissarının köməkçisi Anton Leis Qarsiya bildirib ki, kövrək və məcburi köçkünlərin yaşadığı ərazilərdə iqlim dəyişikliklərinə uyğunlaşma artıq həyat və ölüm məsələsidir. O, iqlim maliyyələşməsinin ən çox ehtiyac duyulan icmalara çatdırılmasının vacibliyini vurğulayıb.
Hesabatda Sudanda münaqişələrdən qaçaraq Çadın şərqindəki Fərçana qaçqın düşərgəsinə sığınan bir qadının yaşadıqları da əksini tapıb. Onun sözlərinə görə, bəzi hallarda bir həftə ərzində təhlükəsiz içməli su tapmaq mümkün olmur. İstilərin artması və mövsümi çay yataqlarının quruması insanları su mənbələri axtarmaq üçün daha uzun məsafələr qət etməyə məcbur edir.
İqlim böhranı yalnız insanların yaşadığı əraziləri tərk etməsinə deyil, doğma torpaqlarına qayıtdıqdan sonra orada məskunlaşmasına da mane olur. Hesabata əsasən, 2026-cı ilin ilk yarısında qaçqınların geri qayıdışlarının üçdə ikisindən çoxu iqlim təhlükələrinə yüksək səviyyədə məruz qalan ölkələrə yönəlib. Suriyada geri qayıdan təxminən 4 milyon köçkün su qıtlığı, qeyri-sabit yağıntılar və daşqınlarla üzləşir.
Sub-Sahara Afrikasında vəziyyətin gələcəkdə daha da ağırlaşacağı proqnozlaşdırılır. Hesabatda bildirilir ki, 2050-ci ilədək regiondakı qaçqın düşərgələrinin hər üçündən biri ildə azı 100 gün təhlükəli istilərlə üzləşə bilər. Efiopiyanın bəzi düşərgələrində isə bu müddətin 200 günü ötəcəyi ehtimal olunur.
UNHCR həmçinin güclü El-Ninyo hadisəsinin iqlim risklərini artıraraq yeni köç dalğalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Şərqi Afrikada ilin sonunadək baş verə biləcək güclü daşqınların Somali, Keniya, Cənubi Sudan və Uqandada 3 milyona qədər insanı didərgin sala biləcəyi bildirilir.
Təşkilat COP31 çərçivəsində hökumətləri və iqlim maliyyələşməsi institutlarını həssas ərazilərə dəstəyin artırılmasına çağırıb. Hesabatda xüsusilə diqqət çəkən məqamlardan biri də iqlim maliyyəsinin yalnız təxminən 10 faizinin münaqişələrdən təsirlənən və kövrək ölkələrə çatmasıdır.
Bütün bu faktlar göstərir ki, iqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil. O, humanitar təhlükəsizlik, ərzaq və su təminatı, insanların yaşayış hüququ və gələcək nəsillərin taleyi ilə birbaşa bağlı qlobal çağırışa çevrilib.
N.Adilqızı
XQ