İqlim dəyişikliyi Avropanı hazırlıqsız yaxaladı

30.09.2026

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Avropa Birliyi (AB) iqlim dəyişikliyi ilə mübarizədə dünyanın aparıcı regionlarından biri olsa da, qitədə yaşanan son rekord istilər onun qlobal istiləşmənin artıq yaratdığı nəticələrə uyğunlaşmaqda geri qaldığını göstərib.

Reuters-in yazdığına görə, iyun ayında Avropanın bəzi ərazilərində temperatur 40 dərəcəni keçib. İsti hava elektrik təchizatında fasilələrə, açıq havada işlərin məhdudlaşdırılmasına və Almaniyada qatar reyslərinin ləğvinə səbəb olub. İsveçdə isə yüksək temperatur nəticəsində metal relslərin deformasiyaya uğraması yük qatarının relsdən çıxmasına gətirib.

İspaniya rekord istilərlə əlaqəli olaraq təxminən 1000 əlavə ölüm halı qeydə alındığını açıqlayıb. Polşanın iqlim nazirinin müavini Kşiştof Bolesta Reuters-ə bildirib ki, Avropa iqlim dəyişikliyinə uyğunlaşma məsələsində kifayət qədər iş görməyib.

Avropa İttifaqı 2050-ci ilədək xalis sıfır emissiyaya nail olmaq məqsədi müəyyənləşdirən ilk böyük iqtisadi birliklərdən biridir. Lakin Reuters-in təhlilinə görə, emissiyaların azaldılması ilə iqlim dəyişikliklərinin artıq qaçılmaz olan nəticələrinə uyğunlaşma arasında maliyyələşmədə ciddi fərq var.

2021–2025-ci illərdə Aİ-nin ümumi büdcəsindən iqlimlə bağlı xərclərin 72 faizi istixana qazlarının emissiyalarının azaldılmasına, yalnız 18 faizi isə iqlim dəyişikliyinə uyğunlaşmaya yönəldilib. Daha 9 faiz vəsait hər iki istiqaməti əhatə edib.

Mütəxəssislər bildirirlər ki, Avropanın qarşısında yalnız emissiyaları azaltmaq deyil, həm də artıq baş verən dəyişikliklərə uyğunlaşmaq vəzifəsi dayanır. Bunun üçün binaların, şəhər məkanlarının, nəqliyyat sistemlərinin və digər kritik infrastrukturun yüksək temperatur, daşqın, quraqlıq və meşə yanğınlarına daha davamlı olması tələb olunur.

Aİ-nin iqlim üzrə komissarı Vopke Hukstra qeyd edib ki, bütün Avropa üçün vahid uyğunlaşma modeli tətbiq etmək mümkün deyil. Onun sözlərinə görə, hər bir ölkə öz ərazisində hansı tədbirlərin daha effektiv olduğunu daha yaxşı bilir. Aİ isə ümumi ssenarilər və ən yaxşı təcrübələrin paylaşılmasına diqqət yetirəcək.

İqlim dəyişikliyinin iqtisadi nəticələri də artıq hiss olunur. Niderlandın ING bankının hesablamalarına əsasən, istilik dalğaları, quraqlıq və daşqınlar ötən il Avropa iqtisadiyyatının istehsal göstəricisindən 0,3 faiz bəndi silib.

İsti hava turizm və kənd təsərrüfatına zərər vurmaqla yanaşı, insanların işləməsini də çətinləşdirir. Almaniyada temperaturun 30 dərəcədən yuxarı olduğu hər bir günün məhsuldarlıq itkiləri səbəbindən iqtisadiyyata təxminən 430 milyon avroya başa gəldiyi hesablanır.

Mütəxəssislər hesab edirlər ki, Avropanın iqlim siyasətində emissiyaların azaldılması ilə yanaşı, uyğunlaşma tədbirlərinə də daha çox diqqət ayrılmalıdır. Çünki iqlim dəyişikliyi artıq yalnız gələcəyin problemi deyil – onun iqtisadi, sosial və infrastruktur nəticələri bu gün də özünü göstərir.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью