Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 yanvar, Xatirə Cəfərova, AZƏRTAC Qış aylarında havanın normadan isti keçməsi, əsasən iqlim dəyişiklikləri, həmçinin müxtəlif sinoptik və meteoroloji amillərin təsiri ilə əlaqəli ola bilər.
Son illərdə qlobal temperaturun artması qış aylarında da isti hava şəraitinin yaranmasına səbəb ola bilir.Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov deyib.S.Səfərov bildirib ki, sənayeləşmə dövrünə qədərki dövrlə (1850-1900) müqayisədə son bir neçə onillikdə Yer kürəsinin qlobal orta temperaturu təxminən 1,1 dərəcə artıb ki, bu da dünyanın ayrı-ayrı bölgələrində özünü bir qədər fərqli göstərir: “Məsələn, şimal enliklərində bu artım daha böyükdür.
Azərbaycanda isə orta illik temperaturun artımı qlobal göstəricilərə yaxındır.
İstiləşmə özünü müxtəlif aylarda bir qədər fərqli təzahür edə bilir.
Məsələn, qış aylarında, xüsusilə yanvar və fevral aylarında temperatur artımı daha çox hiss oluna bilər, noyabrda isə istiləşmə nəzərəçarpacaq deyil.
Qış aylarında havanın qəfil istiləşməsi, adətən, cənubdan və ya cənub-şərqdən gələn isti hava kütlələrinin təsiri ilə əlaqədar olur.
Əksinə, şimaldan, şimal-şərqdən və şimal-qərbdən gələn hava kütlələri daha soyuq hava gətirərək temperaturu aşağı sala bilir.Beləliklə, qlobal istiləşmə bütün il ərzində ümumən orta illik temperaturun artmasına səbəb olsa da, bu artım hər bir ayda eyni şəkildə hiss olunmaya bilər.