Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 27 yanvar, Pərvanə Qafarova, AZƏRTAC
Enerji və rəqəmsal transformasiyanın inteqrasiyası Azərbaycanın post-neft dövrünə keçidini sürətləndirən əsas milli inkişaf alətlərindən biridir.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov açıqlamasında bildirib.
Professorun sözlərinə görə, sözügedən strategiya təkcə yeni texnologiyaların tətbiqini deyil, eyni zamanda, iqtisadi modelin idarəetmə fəlsəfəsinin yenilənməsini və enerji diplomatiyasının müasir çağırışlara uyğun şəkildə yenidən qurulmasını nəzərdə tutur. Artıq Azərbaycan bu istiqamətdə regionda təşəbbüskar və aparıcı ölkə kimi mövqe tutur.
Zahid Məmmədov qeyd edib ki, enerji təhlükəsizliyi və enerji təchizatının şaxələndirilməsi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Enerji sahəsində texnoloji və institusional nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu proses Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş statusunu möhkəmləndirməsinə şərait yaradır.
Z.Məmmədovun fikrincə, yaşıl enerji ixracında yeni rolun formalaşması ölkənin etibarlılıq və şəffaflıq göstəricilərini artırır, beynəlxalq tərəfdaşların Azərbaycana olan etimadını daha da gücləndirir. Bütün bunlar Azərbaycanın qlobal siyasi və iqtisadi çəkisinin artmasına xidmət edir. Professor bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üçün yeni inkişaf modellərinin tətbiqi bu bölgələrin müasir iqtisadi inkişaf mərkəzinə çevrilməsini təmin edir. Nəticədə investisiya mühiti yaxşılaşır, xüsusilə texnologiya əsaslı investisiya axınının həcmi artır.
Zahid Məmmədov vurğulayıb ki, bu proses yeni peşə və bacarıqların formalaşmasına, gənclər üçün yüksək dəyərli və uzunmüddətli məşğulluq imkanlarının yaranmasına, insan kapitalının keyfiyyətcə yenilənməsinə güclü təkan verir.
Z.Məmmədov, həmçinin qeyd edib ki, enerji və rəqəmsal transformasiya universitetlər üçün geniş tədqiqat imkanları açır, universitet–sənaye əməkdaşlığını gücləndirir və elmin iqtisadi inkişafda real rolunun artmasına şərait yaradır. Nəticə etibarilə Azərbaycan resursyönümlü iqtisadiyyatdan “ağıllı enerji” və texnologiya əsaslı dövlət modelinə keçidi mərhələli şəkildə reallaşdırır.
Professorun sözlərinə görə, ölkədə həyata keçirilən rəqəmsal transformasiya strategiyası iqtisadiyyatın strukturunu dəyişəcək, yeni bazarların formalaşmasına, milli təhlükəsizliyin möhkəmləndirilməsinə və Azərbaycanın geosiyasi mövqelərinin daha da güclənməsinə xidmət edəcək.