Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda kərə və duru yağların qiymətinin artdığı bildirilir. Məlumata görə, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər.
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Banco.az-a açıqlamasında bildirib ki, bunun əsas səbəbi Azərbaycanın idxaldan asılı olması və yerli istehsalın kifayət qədər az olmasıdır:
"Dünya bazarında logistika və neft qiymətlərinin artması daşıma xərclərinin yüksəlməsinə səbəb olub. Daşıma xərclərinin artması isə idxaldan asılı olan Azərbaycanda da qiymət artımı ilə nəticələnir. Buna görə də digər ərzaq məhsullarının qiymətlərində də bahalaşma müşahidə oluna bilər".
Natiq Cəfərlinin sözlərinə görə, yanacağın bahalaşması vaqonların icarəsi, avtomobillərlə daşınma və digər nəqliyyat xərclərini artırıb: "Nəticə etibarilə, Azərbaycanın idxaldan yüksək asılılığı səbəbindən bir çox məhsulun qiymətində artım gözlənilir".
Bizi sosial şəbəkələrdən izləyin!!