Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycanın sənaye parkları qeyri-neft sektorunun şaxələndirilməsi strategiyasında əsas institusional mexanizmlərdən biri kimi çıxış edir və sənaye istehsalının strukturunun modernləşdirilməsinə, ixrac yönümlü və yüksək əlavə dəyər yaradan sahələrin inkişafına mühüm töhfə verir. Bu baxımdan sənaye parkları dövlət-özəl sektor əməkdaşlığının praktiki platforması kimi çıxış edərək investorlar üçün vergi və gömrük güzəştləri, hazır infrastruktur, logistika üstünlükləri və institusional dəstək mexanizmləri təqdim edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Aygün Abdulova söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin Sumqayıt Sənaye Parkında sənaye müəssisələrinin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etməsi dövlətin qeyri-neft sektorunun inkişafına və sənayeləşmə siyasətinə verdiyi strateji əhəmiyyətin bariz göstəricisidir. Yanvarın 27-də dövlətimizin başçısıının Sumqayıt Sənaye Parkında bir sıra yeni istehsal müəssisələrinin rəsmi açılışında iştirakı sənaye parklarının ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyən edildiyini bir daha təsdiqləyib. Ölkə Prezidentinin bu cür tədbirlərdə birbaşa iştirakı investorlar üçün güclü siyasi siqnal rolunu oynayaraq dövlət-özəl sektor əməkdaşlığının möhkəmlənməsinə, investisiya etimadının artmasına və sənaye siyasətinin davamlılığının təmin olunmasına mühüm töhfə verir. Eyni zamanda, bu yanaşma sənaye parklarının yalnız iqtisadi deyil, həm də sosial məşğulluq, regional inkişaf və ixrac yönümlü istehsal baxımından strateji funksiyasını ön plana çıxarır.
“Sumqayıt Sənaye Parkının timsalında kimya, metallurgiya, maşınqayırma və tikinti materialları kimi sahələrdə ixrac potensialının gücləndirilməsi ölkənin xarici ticarət balansının şaxələndirilməsinə və qlobal dəyər zəncirlərinə inteqrasiyasına şərait yaradır. Eyni zamanda, sənaye parklarının regionlarda yaradılması regional inkişaf fərqlərinin azaldılmasına, dayanıqlı məşğulluğun formalaşdırılmasına və insan kapitalının sənaye yönümlü inkişafına xidmət edir. Bu model azad edilmiş ərazilərdə tətbiq edildikdə isə sənaye parkları iqtisadi reinteqrasiyanın əsas alətlərindən birinə çevrilərək həmin ərazilərin istehsal potensialının bərpasını, özəl investisiyaların cəlbini və sosial-iqtisadi dirçəlişi sürətləndirir ki, bu da Azərbaycanın postmünaqişə dövründə inkişaf strategiyasının mühüm komponentidir”, - deyə A.Abdulova əlavə edib.