İqtisadçı: Tramp buna çevik cavab verir

25.09.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çin uzunmüddətli oyun oynayır, Rusiya və İran isə daha çox fürsətçi və yaşamaq uğrunda mübarizə aparan strategiya yürüdür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin CEO-su Nouriel Roubini II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən müzakirə paneli zamanı deyib. 

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp qərarlarının bazarlardakı reaksiyasına kifayət qədər sürətli cavab verir. Roubininin sözlərinə görə, Tramp həm qərar qəbul etməkdə, həm də bazarın reaksiyasından asılı olaraq geri addım atmaqda çevikdir.

N.Roubini Çin, Rusiya və İranın hazırkı geosiyasi yanaşmalarının fərqləndiyini bildirib:

“Düşünürəm ki, Çin qarşıdakı il və hətta gələcək illərdə qeyri-adi bir addım atmayacaq. Çin uzunmüddətli oyun oynayır. Rusiya və İran isə tamamilə fərqli vəziyyətdədir. Onların hazırkı addımları daha çox fürsətçi xarakter daşıyır. Onlar bu oyunda yaşamaq uğrunda mübarizə aparırlar. Çin isə qalib olmaq missiyasına malikdir”, - deyə o vurğulayıb.

İqtisadçı qeyd edib ki, uzun illər ərzində ABŞ beynəlxalq sistemdə qaydaları müəyyənləşdirən əsas ölkə olub. Onun sözlərinə görə, əvvəlki dövrlərdə də ABŞ prezidentlərinin qlobal təsirə malik birtərəfli qərarları olub:

“Trampın prezidentliyi ilə Amerika siyasətində fundamental dəyişiklikdən çox, dünyanın Amerika siyasətini necə qəbul etməsində fundamental dəyişiklik baş verib”, - deyə N.Roubini bildirib.

O vurğulayıb ki, hazırkı proseslər fonunda ABŞ-nin atdığı addımların son məqsədi, onların mümkün yan təsirləri və beynəlxalq sistemdə qaydaların necə tətbiq olunacağı ilə bağlı suallar ortaya çıxır.

Roubini həmçinin ABŞ-nin tarif və hərbi siyasətinin Körfəz Ərəb ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa İttifaqına mümkün təsirlərinin nəzərə alınmasının vacibliyini qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə əsas suallardan biri qaydalara əsaslanan dünya sisteminin, yoxsa güclünün qaydalarının üstünlük təşkil etdiyi sistemin formalaşmasıdır.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью