İqtisadi artım azalır: Proqnoz bədbindir

09.10.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il dünya iqtisadiyyatında artım tempinin yavaşlayacağını proqnozlaşdırır.

Təşkilatın qiymətləndirməsinə görə, 2025-ci ildə 2,9 faiz olan qlobal iqtisadi artımın 2026-cı ildə 2,6 faizə enəcəyi, 2027-ci ildə isə 2,7 faiz təşkil edəcəyi gözlənilir. Bununla yanaşı, qlobal mal və xidmət ticarətinin bu il 4 faiz artacağı proqnozlaşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Təşkilatının (UNCTAD) “Ticarət və İnkişaf 2026: İnkişafın geoiqtisadiyyatı” adlı hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Yaxın Şərqdəki müharibə nəticəsində enerji qiymətlərinin yüksəlməsi dünya iqtisadiyyatına və maliyyə sabitliyinə təzyiq göstərir.

İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın da zəifləyəcəyi gözlənilir. Belə ki, bu ölkələrdə artım tempinin 2025-ci ildəki 4,7 faizdən 2026-cı ildə 4 faizə düşəcəyi proqnozlaşdırılır. Bu ölkələr eyni zamanda yeni texnoloji maneələrlə və dəyişən iqtisadi siyasətlərlə üzləşirlər.

Hesabata görə, inkişaf etmiş ölkələrdə iqtisadi fəallıq zəif olaraq qalır. Durğun investisiyalar, sərtləşən pul-kredit siyasəti və enerji qiymətlərindəki dəyişikliklər bu ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərir.

ABŞ iqtisadi artımın əsas mənbələrindən biri olaraq qalır. Ölkə iqtisadiyyatının 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də 2,1 faiz artacağı, 2027-ci ildə isə artımın 1,8 faizə enəcəyi gözlənilir. ABŞ-da süni intellektə yatırılan investisiyalar və əmək bazarında sabit tələb iqtisadiyyatı dəstəkləsə də, davamlı inflyasiya əhalinin real gəlirlərinin alıcılıq qabiliyyətini azaldır.

Qərbi Avropada isə investisiyaların zəifliyi, dünya ticarətinin parçalanması və enerji qiymətlərindəki dəyişikliklər iqtisadi artımı məhdudlaşdırır.
Asiyanın bəzi inkişaf etmiş iqtisadiyyatları, xüsusilə Cənubi Koreya və Yaponiya, elektron məhsullara və yarımkeçiricilərə yüksək qlobal tələbatdan faydalanır.

Hesabatda bildirilir ki, 2025-ci ildə qiymət artımlarının da təsiri ilə qlobal mal və xidmət ticarətinin həcmi rekord həddə — 35 trilyon dollara çatıb. Bu il ticarətin daha 4 faiz artacağı gözlənilir. Bununla belə, süni intellekt sahəsindəki sürətli inkişafın yaratdığı iqtisadi imkanlardan yalnız bir neçə ölkə yararlana bilir.

UNCTAD-ın baş katibinin səlahiyyətlərini icra edən Pedro Manuel Moreno bildirib ki, qlobal iqtisadiyyat 2026-cı ildə mövcud təzyiqlərə gözləniləndən daha yaxşı müqavimət göstərsə də, ölkələr arasındakı iqtisadi fərqlər getdikcə dərinləşir. Onun sözlərinə görə, sürətlə inkişaf edən bir neçə Asiya iqtisadiyyatı istisna olmaqla, inkişaf etməkdə olan ölkələr ümumilikdə inkişaf etmiş ölkələrin iqtisadi səviyyəsinə çata bilmirlər.

Moreno qeyd edib ki, dövlətlər milli təhlükəsizlik və texnoloji üstünlük əldə etmək məqsədilə ticarət, maliyyə və texnologiyadan strateji vasitə kimi istifadə edirlər. Süni intellekt və rəqəmsal texnologiyaların inkişafı iqtisadiyyatla milli təhlükəsizlik arasındakı əlaqəni daha da gücləndirib. Coğrafi amillər də təchizat zəncirlərinə ciddi təsir göstərir.

O vurğulayıb ki, əvvəllər sənayeləşmə, mal ticarəti və qlobal dəyər zəncirlərinə qoşulmaq inkişaf etməkdə olan ölkələrin gəlirlərini artırması üçün əsas imkanlar hesab olunurdu. Lakin indi bu imkanlar əvvəlki qədər etibarlı deyil.

Moreno bildirib ki, kritik minerallar istisna olmaqla, inkişaf etmiş ölkələr bu strateji sahələrə yönəldilən yeni investisiyaların təxminən 70 faizinə sahibdirlər. İnkişaf etməkdə olan ölkələr kritik minerallar sahəsində lider mövqedə olsalar da, həmin resurslardan əlavə iqtisadi dəyər yaratmaqda çətinlik çəkirlər.
İnkişaf etməkdə olan ölkələrin maliyyə imkanları da məhdudlaşır.

Moreno inkişaf etməkdə olan ölkələrin maliyyələşmə ilə bağlı çətinliklərinin artdığına da diqqət çəkib. Onun sözlərinə görə, rəsmi inkişaf yardımlarının ardıcıl üçüncü ildir azalacağı gözlənilir. O, həmçinin inkişaf etməkdə olan bazarlara yönələn portfel investisiyalarında dəyişkənliyin artdığını vurğulayıb.

Gülər
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью