İqtisadiyyata yatırımların coğrafiyası genişlənir

03.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə investisiya təşviqi 17 istiqaməti əhatə edir

Yeni istehsal müəssisəsi yaratmaq, mövcud biznesi genişləndirmək və ya yeni texnologiyalara investisiya yatırmaq istəyən sahibkarlar üçün əsas məsələlərdən biri xərclərlə bağlıdır. Avadanlığın alınması və idxalı, istehsal sahəsinin yaradılması, torpaq və əmlakla bağlı xərclər və s. investisiya layihəsinin maliyyə yükünü artıra bilər.

Hazırda özəl sektorda maliyyə tutumlu layihələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə ölkəmizdə investisiya təşviqi mexanizmi tətbiq olunur. Ölkə Prezidentinin 2026-cı ilin iyun ayında imzaladığı fərmanla isə investisiya təşviqi sənədi verilən strateji istiqamətlərin əhatə dairəsi daha da genişləndirilərək 17-yə çatdırılıb. Beləliklə, 2029-cu il yanvarın 1-dək aşağıdakı strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi veriləcək:

– Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;

– Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri;

– Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

– Tullantıların idarə olunması və təkrar emalı layihələri;

– Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

– Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;

– 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;

– Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri;

– Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

– Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

– Hərbi təyinatlı məhsulların istehsalı layihələri;

– Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri;

– Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri;

– Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri;

– Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri;

– Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri;

– İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.

Siyahıda yeni istiqamətlərin əksər hissəsinin kənd təsərrüfatı ilə bağlı olması diqqət çəkir. Artıq yalnız kənd təsərrüfatı məhsulunun istehsalına deyil, bu sahənin bütün dəyər zəncirini əhatə edən layihələrinə də investisiya təşviqi imkanları yaradılıb. Sahibkarın aqroparkda məhsul istehsalı və emalı müəssisəsi qurması, gübrə, pestisid, toxum və yem istehsal etməsi, məhsulların çeşidlənməsi və qablaşdırılması üçün müəssisə yarada bilməsi üçün güzəştlər nəzərdə tutulur.

Eyni zamanda, kənd təsərrüfatı texnikalarının, elevator və taxıl siloslarının, soyuducu anbarların, həmçinin çeşidləmə, saxlama və qablaşdırma avadanlıqlarının istehsalı da təşviq mexanizminin əhatə dairəsinə daxil edilib. Müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı layihələri üçün də ayrıca imkan yaradılıb. Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş və minimum 3 hektar sahəyə malik IV nəsil istixana komplekslərinin yaradılması belə layihələr sırasındadır.

İKT üzrə sənaye məhsullarının istehsalının ayrıca strateji istiqamət kimi müəyyənləşdirilməsi isə texnologiya əsaslı istehsal layihələrinin də mexanizmdən yararlanmasına imkan verir.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, indiyədək ölkəmizdə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi almış 552 layihə artıq fəaliyyətə başlayıb. Bununla yanaşı, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 6 min 604 təsdiqedici sənəd verilib. Ötən müddətdə ümumi dəyəri 1,5 milyard ABŞ dolları olan texnika, texnoloji avadanlıq və qurğuların idxalı həyata keçirilib.

Sahibkarların idxal zamanı tətbiq olunan vergi və rüsumlar üzrə əldə etdiyi güzəştlərin məbləği isə 350,5 milyon dollar təşkil edib. Bu göstəricilər isə investisiya təşviqi mexanizminin sahibkarlar üçün real iqtisadi fayda yaradan və investisiya layihələrinin həyata keçirilməsinə dəstək verən səmərəli alət olduğunu göstərir.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən investisiya təşviqi mexanizmi sahibkarların investisiya layihələrinə müəyyən vergi və gömrük güzəştlərinin tətbiq edilməsini nəzərdə tutur. Bununla da dövlət tərəfindən prioritet hesab olunan sahələrə investisiyaların təşviq edilməsi, yerli istehsalın genişləndirilməsi və yeni istehsal imkanlarının yaradılması dəstəklənir.

İnvestisiya təşviqi sənədini hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər əldə edə bilərlər. Sahibkar sənədin verildiyi tarixdən etibarən 7 il müddətində aşağıdakı bir sıra güzəştlərdən yararlanır. Həmin müddətdə sahibkarın ödəməli olduğu mənfəət və ya gəlir vergisinə 50 faiz güzəşt tətbiq olunur. Bununla yanaşı, iş adamları torpaq və əmlak vergisindən, eləcə də texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və ƏDV-dən azad olunurlar.

Göründüyü kimi, investisiya təşviqi sənədi layihənin yaradılması və fəaliyyətinin ilk illərində sahibkarın xərclərinin azalmasına imkan verir. Bu dəstəyin nəticəsi yalnız güzəştlərin tətbiqi ilə məhdudlaşmır. Mexanizm vasitəsilə istehsalın genişləndirilməsi, yeni məhsulların yaradılması, texnoloji avadanlıqların ölkəyə gətirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların yönəldilməsi stimullaşdırılır.

M.YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью