Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 6 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Zəfərin genetik kodu” adlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun direktoru akademik İradə Hüseynova Vətən müharibəsində qazanılan tarixi Qələbənin milli iradənin, dövlət-xalq-ordu birliyinin və dövlətçilik ənənələrinin təntənəsi olduğunu vurğulayıb. O, Zəfərin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın birliyinin və Azərbaycan Ordusunun qəhrəmanlığının həlledici rolunu qeyd edib.
Akademik tədbirin “Zəfərin genetik kodu” adlandırılmasının rəmzi məna daşıdığını bildirərək bu ifadənin xalqımızın tarixi yaddaşını, milli kimliyini, vətənpərvərlik və həmrəylik ruhunu əks etdirdiyini deyib. Vurğulayıb ki, bu ərazilərin hərtərəfli inkişafı elmin də Qarabağa Böyük Qayıdışını, yeni elmi tədqiqatların və layihələrin həyata keçirilməsini zəruri edir. Akademik Qələbədən dərhal sonra Qarabağ və Zəngilana təşkil olunan ilk ekspedisiyalarda alimlərin də iştirak etdiyini xatırladaraq, həmin dövrdə bitki örtüyünün və radiasiya fonunun öyrənilməsi, ilkin ekoloji monitorinqlərin aparılmasının mühüm vəzifələrdən olduğunu qeyd edib. Minalanmış ərazilərdəki təhlükələrə baxmayaraq, alimlərimizin bu işlərdə fəal iştirak edərək azad edilmiş torpaqların elmi tədqiqinə töhfə verdiklərini vurğulayıb. O, həmçinin Molekulyar Biologiya İnstitutunun da təşkilatçılar sırasında yer aldığı "Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi" mövzusunda onlayn konfransı (20-21 may 2021-ci il), "Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış" mövzusunda beynəlxalq konfransı (22-23 sentyabr 2022-ci il) xatırladıb, sonuncu tədbirin açılışının Bakıda, bağlanış mərasiminin isə Şuşada keçirildiyini qeyd edib.
Şəhid və qazilərin fədakarlığını xüsusi qeyd edən akademik çıxışını belə yekunlaşdırıb: “Biz hamımız, o cümlədən gələcək nəsillər bu tarixi Zəfəri qorumalı, müstəqil Azərbaycanımızın inkişafına töhfə vermək üçün səylə çalışmalı və şəhidlərimizin əziz xatirəsini daim yaşatmalıyıq”.
Tədbirdə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi-vətənpərvərlik nəğmələrinin ifaçısı Şəmistan Əlizamanlı Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlikdən, Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışıb. O, “Can Azərbaycan!” və “İgid əsgər möhkəm dayan!” mahnılarını ifa edib. Həmçinin AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Oqtay Qasımov, Pənah Muradov, professor Könül Baxşəliyeva, Əməkdar artist Nuriyyə Hüseynova, İkinci Qarabağ müharibəsinin qazisi, institutun əməkdaşı Rəsul Quliyev və tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı çıxış ediblər. Çıxışlarda Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, Şuşanın azad edilməsinin hərbi və mənəvi əhəmiyyəti, eləcə də Zəfərin ölkəmizin gələcək inkişafı üçün yaratdığı imkanlar vurğulanıb.
Tədbir çərçivəsində Yəhya Babanlı Vətən müharibəsinin xronikasını əks etdirən “Tarixi Qələbə” kitabını akademik İradə Hüseynovaya təqdim edib.
Daha sonra bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib. Nuriyyə Hüseynova və qazi Əvəzxan Əzizov Qarabağa, Şuşaya və Zəfərə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər. 275 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Fəxri Balakişizadə vətənpərvərlik mövzusunda şeir söyləyib.
Tədbirdə, həmçinin Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.