İran 3800 dən çox nöqtədə HHM sistemi yerləşdirib

01.09.2026

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda hava hücumundan müdafiə sistemləri ölkə ərazisi üzrə 3 800-dən çox nöqtədə yerləşdirilib.

Bu barədə İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin koordinasiya üzrə müavini, briqada generalı Məhəmməd Sadeqian bildirib. Məlumatı Mehr yayıb.

Generalın sözlərinə görə, HHM sistemlərinin əsas vəzifələri hava hədəflərinin aşkarlanması, kəşfiyyatı, müəyyənləşdirilməsi, qarşısının alınması və məhv edilməsidir.

Sistemlər yalnız İranın hava məkanındakı obyektləri deyil, ölkə sərhədlərindən kənarda yerləşən hava hədəflərini də müəyyən edə bilir. Bundan sonra hədəfin kimliyi müəyyənləşdirilir və zərurət yarandıqda onun ələ keçirilməsi barədə qərar qəbul olunur.

İran HHM sistemlərini harada yerləşdirib?

Sadeqianın sözlərinə görə, hava hücumundan müdafiə bölmələri səhralarda, sahil ərazilərində, adalarda və yüksək dağlıq bölgələrdə yerləşdirilib.

Sistemin tərkibində radarlar, optik-elektron müşahidə vasitələri və digər texnologiyalar fəaliyyət göstərir. Onların vasitəsilə İranın hava məkanı və ona bitişik ərazilər sutka ərzində müşahidə olunur.

Hava hədəflərinin məhv edilməsi üçün müxtəlif vasitələrdən – qırıcı təyyarələrdən, raketlərdən və digər HHM sistemlərindən istifadə edilə bilər.

General bildirib ki, əsas məqsəd düşmən təyyarəsinin qarşıya qoyulan tapşırığı yerinə yetirməsinə imkan verməmək, zərurət olduqda isə onu məhv etməkdir.

HHM yalnız müharibə zamanı işləmir

Sadeqian vurğulayıb ki, İranın hava hücumundan müdafiə sistemi yalnız hərbi qarşıdurma zamanı fəaliyyət göstərmir.

Sistem sərnişin təyyarələrinin, helikopterlərin və digər hava nəqliyyat vasitələrinin hərəkətinin koordinasiyasında da iştirak edir. Buraya xilasetmə və humanitar əməliyyatlarda istifadə olunan aviasiya vasitələri də daxildir.

Generalın açıqlaması İranın hava məkanına nəzarət sisteminin ölkənin geniş ərazisi boyunca çoxsaylı mövqelərə yayıldığını göstərir.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью