Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İran hər bir öldürülən və ya əsir götürülən ABŞ əsgərinə görə 30 min dollar mükafat verəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İran ordusunun komandanı Əmir Hatəmi dövlət televiziyası IRIB-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçisini öldürən və ya əsir götürən şəxslərə 30 min dollar ödəniləcək. Hatəmi qeyd edib ki, bu işi həyata keçirən qadınlara isə iki dəfə artıq mükafat veriləcək.
Bundan başqa, İran ordusu ABŞ hərbçilərinin öldürülməsində istifadə olunan silahları da geri almağa hazır olduğunu bildirib. Həmin silahlar üçün bazar qiymətindən iki dəfə artıq vəsaitin ödənilməsi, həmçinin əvəzində yeni silah verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranı məhv etmək imkanına malik olduğunu, lakin bunu etmək istəmədiyini bildirmişdi. O, İran tərəfindən hər hansı hücum olacağı təqdirdə Vaşinqtonun cavabının yüz dəfə daha güclü olacağını vurğulamışdı.
Tramp həmçinin ABŞ-nin İrandakı əməliyyatının əsas məqsədinin İranın heç bir şəraitdə və heç bir formada nüvə silahına sahib olmamasını təmin etmək olduğunu açıqlamışdı.
NURİYYƏ