İran ABŞ gərginliyi: Azərbaycana təsir edəcək?

29.09.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İran ətrafında geosiyasi gərginlik hər keçən gün yenidən artır.

ABŞ-nin Tehrana qarşı sanksiya siyasətini sərtləşdirməsi, İranın maliyyə sisteminə təzyiqlərin genişləndirilməsi və SEPAH rəhbərliyinin region ölkələrinə yönələn sərt bəyanatları narahatlığı daha da artırıb.

Bu fonda İran aviaşirkətlərinin xarici ölkələrin hava məkanından istifadəsi ilə bağlı da fərqli mövqelər ortaya çıxıb.Çin İran aviaşirkətlərinin öz hava məkanından və hava limanlarından istifadəsinə icazəni davam etdirəcəyini açıqlasa da, ABŞ belə aviaşirkətlərə xidmət göstərən hava limanlarına qarşı maliyyə məhdudiyyətlərinin tətbiq oluna biləcəyini bildirib.

Digər tərəfdən, İranla bağlı gərginlik fonunda bir sıra ölkələrin Tehranla hava əlaqələrini dayandırması və İranda olan xarici ölkə vətəndaşlarının quru sərhədlərindən çıxışına yönləndirilməsi regiondakı vəziyyətin nə qədər həssas olduğunu göstərir.

ABŞ-nin 50-dən çox ölkə ilə İranın maliyyə imkanlarının məhdudlaşdırılması istiqamətində məsləhətləşmələr aparması da təzyiqlərin daha geniş coğrafiyanı əhatə edə biləcəyinə dair siqnallar verir. Belə bir şəraitdə SEPAH rəhbərliyinin qonşu ölkələrə yönələn hədələri xüsusi narahatlıq doğurur.

Bəs İran-ABŞ qarşıdurmasının dərinləşməsi, Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi və SEPAH-ın təhdid ritorikası region ölkələri, xüsusilə Azərbaycan üçün hansı fəsadlar yarada bilər?

Mövzu ilə bağlı açıqlamasında siyasi şərhçi Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, ABŞ-İran gərginliyi fonunda Tehran dolayı diplomatiya yürüdür:

“Son dövrlər ABŞ və İran arasında müəyyən diplomatik təmaslar olub. İranın xarici işlər naziri ilə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff görüşüblər. İranın irəli sürdüyü təkliflər Tramp tərəfindən qəbul edilməyib.

Hazırda İran vasitəçilərin köməyi ilə dolayı diplomatiya yürütməkdədir. Eyni zamanda, ABŞ İrana qarşı sanksiyaları sərtləşdirib. İranın hava yolu şirkətlərinə sanksiyalar tətbiq olunub. Bu da blokada ilə birlikdə İran iqtisadiyyatına kifayət qədər mənfi təsir göstərən amil kimi dəyərləndirilə bilər”.

O qeyd edib ki, bununla yanaşı, İranın artan təhdid ritorikası da müşahidə olunur:

“Belə ki, İran qonşu ölkələrlə sərhədlərində qoşunlarını cəmləşdirir. Bu da regionda gərginliyin artmasına təsir edən amillərdən biri kimi qiymətləndirilir. ABŞ və İran arasında anlaşma üçün zəruri şərtlər mövcud olmadığından və gərginlik davam etdiyindən region üçün də müəyyən risklər qalmaqdadır.  O cümlədən, SEPAH-ın atdığı addımlar Azərbaycan da daxil olmaqla, bütün qonşu dövlətlər üçün müəyyən problemlərin yaranmasına səbəb ola bilər”.

Oqtay Qasımov vurğulayıb ki, ABŞ və İran arasında gərginliyin region üçün riskləri qalmaqdadır:

“Biz 40 günlük müharibə zamanı da şahidi olduq ki, İran ABŞ ilə müharibə apararkən qonşu ölkələrə hücumlar etdi.

Həmin ölkələrin ərazilərindəki Amerika hərbi bazaları ilə yanaşı, bu dövlətlərə məxsus digər hədəfləri də vurdu.

Bu baxımdan, hazırkı vəziyyətdə ABŞ və İran arasında davam edən gərginlik gələcək dönəmdə də region üçün müəyyən risklər vəd edir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: İran-ABŞ Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью