İran ABŞ ın İordaniyadakı hərbi bazasına zərbə endirdiyini açıqlayıb

30.07.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İranla ABŞ arasında artan gərginlik fonunda Tehran ABŞ-ın İordaniyada yerləşən Əl-Əzraq aviabazasına raket zərbələri endirdiyini açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) hücum nəticəsində üç ABŞ istehsalı "F-35" qırıcısının məhv edildiyini, daha üç təyyarənin isə ciddi zədələndiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, İİKK-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin "Nəsr-2 əməliyyatı" ilə bağlı yaydığı bəyanatda bildirilir ki, hücum ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib. İran tərəfi Əl-Əzraq aviabazasındakı təyyarələrin yerləşdiyi sahəyə və texniki xidmət angarlarına çoxsaylı ballistik raketlərin atıldığını açıqlayıb.

Bəyanatda hücum nəticəsində ABŞ ordusunun bir sıra zabitlərinin və texniki heyət üzvlərinin öldürüldüyü bildirilir. Lakin bu məlumatlar hələlik ABŞ və İordaniya tərəfindən müstəqil şəkildə təsdiqlənməyib.

İran tərəfi bildirib ki, əməliyyat Keşm adasında ABŞ qüvvələrinin həyata keçirdiyini iddia etdiyi hava hücumuna cavab xarakteri daşıyır. İİKK həmin hücum zamanı bir ailənin üzvlərinin öldüyünü və mülki şəxslərin yaralandığını vurğulayıb.

İordaniyanın "Petra" agentliyi isə ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən buraxıldığı bildirilən beş raketi zərərsizləşdirdiyini açıqlayıb. İordaniya tərəfi hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat daxil olmadığını bildirib.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью