İran ABŞ la danışıqları təkzib etdi: Hazırda heç bir müzakirə aparılmır

03.08.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın hazırda ABŞ ilə heç bir danışıqlar aparmadığını bəyan edib. Bununla o, ABŞ prezidenti Donald Trampın İranla danışıqların bazar ertəsi başlayacağı barədə açıqlamasını təkzib edib.

Bizimyol.info xəbər verir ki, Bəqai keçirdiyi mətbuat konfransında bildirib ki, İran yalnız Omanla ikitərəfli məsləhətləşmələr aparır. Onun sözlərinə görə, bu danışıqların məqsədi Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi təmin edəcək müvəqqəti dəniz marşrutunun razılaşdırılmasıdır.

Sözçü qeyd edib ki, Tehran və Maskat mümkün qədər qısa müddətdə müvəqqəti dəniz dəhlizinin müəyyənləşdirilməsi üzərində işləyir. Danışıqlar yalnız Hörmüz boğazına aid məsələləri əhatə edir.

Bəqai vurğulayıb ki, İranla ABŞ arasında mövcud problemlər gələcəkdə şəraitdən asılı olaraq qiymətləndiriləcək.

O, həmçinin Çinlə bağlı yayılan vasitəçilik iddialarını da təkzib edib. Bəqainin sözlərinə görə, İran və ABŞ arasında məsələlərdə vasitəçi ölkə Pakistan, bu prosesə dəstək verən tərəf isə Qətərdir.

İran rəsmisi əlavə edib ki, Çin regionda gərginliyin artmasından narahatdır və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün diplomatik səylər göstərir. Bununla belə, Pekinin yeni vasitəçi kimi çıxış etməsi barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Bəqai İranın xarici işlər naziri Abbas Əraqçinin Ərbəin ziyarəti ilə əlaqədar səfərə çıxacağını, danışıqlar heyətinin isə hazırda tam tərkibdə İranda olduğunu da qeyd edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью