Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Biz erməni dostlarımıza güvənirik və Ermənistanın İranın təhlükəsizliyinə qarşı heç bir addım atmayacağını bilirik”.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi İrəvanda Tehranın “Tramp marşrutu” və ABŞ-nin regionda mövcudluğu ilə bağlı narahatlıqlarının davam edib-etmədiyi barədə suala cavab verərkən danışıb: “ABŞ-nin regionda və ətrafımızda istənilən mövcudluğu ilə bağlı narahatlıqlarımız var. Amma bu məsələ ilə bağlı erməni dostlarımızla birbaşa təmasdayıq. Biz onlara etibar edirik, bilirik ki, İranın təhlükəsizliyinə qarşı heç nə etmirlər.
Ermənistan hakimiyyəti ilə məsləhətləşmələrimizi davam etdiririk. Yaxın dostum, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxınlarda Tehranda idi, səmərəli məsləhətləşmələr apardıq. Bu gün isə prezidentimiz Ermənistan baş naziri ilə görüşüb. Bu, iki həftə ərzində ikinci görüşdür. Sıx təmasdayıq”.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Tural İrfan Sherg.az-a açıqlamasında bildirib ki, İran xarici işlər naziri Abbas Əraqçinin İrəvandakı açıqlamaları və Tehran-İrəvan xəttindəki son proseslər regionda yeni reallıqlar formalaşdırır. Onun sözlərinə görə, İran və Ermənistan rəsmiləri sərhədlərin dəyişməzliyi və İranın geosiyasi mövqeyinin qorunması prinsipi üzərində dayanırlar:
“İran tərəfi ABŞ və qeyri-regional güclərin bölgədəki hər hansı hərbi və ya strateji mövcudluğundan narahatdır. ABŞ-nin dəstəyi ilə həyata keçirilməsi planlaşdırılan "Tramp marşrutu" İrəvan və Tehran arasında müzakirə mövzusudur. Ermənistan İrana təminat verir ki, bu layihə İranın milli təhlükəsizliyinə qarşı istifadə olunmayacaq və hərbi xarakter daşımayacaq. Nurduz sərhəd-keçid məntəqəsi, yükdaşımaların artırılması, ikinci körpünün tikintisi və enerji xətlərinin inkişafı iki ölkənin iqtisadi maraqlarını birləşdirir. İranın TRIPP layihəsi və ABŞ-nin bölgədəki fəallığı ilə bağlı narahatlıqları bəzi məqamlarda Azərbaycanın Zəngəzur dəhlizi və regional kommunikasiyaların açılması ilə bağlı strateji planlarına da təsir göstərir”.
T. İrfan qeyd edib ki, Azərbaycan bölgədə nəqliyyat və kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasını, suverenliyin və beynəlxalq ticarət yollarının şaxələnməsini tələb edir:
“İran isə sərhəd xəttində geosiyasi dəyişikliklərdən və regiondan kənar qüvvələrin, ümumiyyətlə ABŞ-ın, Qərbin mövcudluğundan ehtiyat edir. Bununla belə, son dövrdə Azərbaycan-İran prezidentlərinin görüşləri və ikitərəfli təmaslar Tehranın Bakı ilə də münasibətləri tarazlamağa çalışdığını göstərir. Ermənistan-İran yaxınlaşması birbaşa Azərbaycanın maraqlarına zidd gəlsə də, Tehran rəsmiləri İrəvan üzərindən öz təhlükəsizlik xəttlərini qorumağa və vəziyyəti idarə etməyə çalışırlar”.