Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İran İslam Respublikasının silahlı qüvvələri tam döyüşə hazır vəziyyətdədir”.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri Əli Bilali deyib.
"Əlimiz tətikdədir, düşmənin istənilən səhvini və ağılsız addımını gözləyirik. İstənilən səhv addımda düşmən olduğu bütün mövqelərə raket zərbələri endirəcəyik”, - o əlavə edib.
Əli Bilali bildirib ki, raketlərin sayı, mövqelər və ya imkanlar baxımından heç bir məhdudiyyət yoxdur: "Amma düşmənlər raketlərimizə qarşı mübarizədə çoxsaylı problemlərlə üzləşiblər. Əmr veriləcəyi təqdirdə, yeni bölgələrdə də raket potensialımızdan istifadə etmək üçün heç bir məhdudiyyət yoxdur”.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib ki, hər hansı müharibənin miqyasının genişlənib-genişlənməyəcəyini qiymətləndirmək üçün yalnız siyasi bəyanatlara baxmaq kifayət deyil:
"Bu, çox zaman çəkindirmə xarakteri daşıyır. Söhbət həm də konkret hərbi imkanlardan, eləcə də diplomatik göstəricilərdən gedir. Bu istiqamətdə ABŞ-ın hərbi dislokasiyası xüsusi əhəmiyyət daşıyır. Yəni, regiona əlavə aviadaşıyıcıların, hava hücumundan müdafiə sistemlərinin və digər hərbi qüvvələrin göndərilməsi mühüm göstərici ola bilər. Şübhəsiz ki, İranın əməliyyat hazırlığı da vacib amildir. Raket və PUA bölmələrinin hərəkəti, hərbi obyektlərin fəaliyyəti, hava məkanına və dəniz nəqliyyatına dair məhdudiyyətlər bu baxımdan diqqətlə izlənilməlidir. Diplomatik kanallara gəldikdə isə Qətər, Oman, Pakistan və digər vasitəçilərin ABŞ–İran danışıqlarını bərpa etmək istiqamətində göstərdikləri fəaliyyətə də diqqət yetirilməlidir. Çünki hərbi qüvvələrin cəmləşdirilməsi prosesi getdiyi bir vaxtda diplomatik kanalların açıq saxlanılmasına da üstünlük verilir. Lakin diplomatik kanallar bağlanarsa, bu, təhlükə səviyyəsinin yüksəldiyinin göstəricisi ola bilər. Qətər və Pakistan Vaşinqtonla Tehran arasında dolayı danışıqların bərpası üçün vasitəçilik səyləri göstərirlər”.
Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə əsas təhlükə İranın öz hərbi potensialından daha çox, bu qarşıdurmanın nəzarətdən çıxmasıdır:
"Çünki qarşıdurmanın nəzarətdən çıxmasında maraqlı olan tərəflər də mövcuddur. İran ABŞ və İsrailin hərbi üstünlüyünə qarşı simmetrik müharibə aparmaq imkanlarına malik olmasa da, raketlər, pilotsuz uçuş aparatları, dəniz nəqliyyatına təzyiq və regional silahlı aktorlar vasitəsilə münaqişənin əhatəsini geniş coğrafiyaya yaya bilər. Buna görə də müharibənin miqyası İranın hərbi imkanları ilə məhdudlaşmır. ABŞ və İsrailin hədəfləri, Körfəz ölkələrinin mövqeyi, baş verən hadisələrə regional aktorların reaksiyası və diplomatik vasitəçiliklə məşğul olan tərəflərin atacağı addımlar münaqişənin gələcək inkişafına təsir göstərəcək. Azərbaycanın mövqeyi bəllidir. Biz bu münaqişədə hərbi tərəfə çevrilmək istəmirik. Milli təhlükəsizliyimizi, sərhədlərimizin toxunulmazlığını, enerji infrastrukturumuzu və nəqliyyat bağlantılarımızı qorumaqda maraqlıyıq, bu məsələlərdə qətiyyətli və prinsipial mövqe nümayiş etdiririk”.
Müsahibimiz əlavə edib ki, regional sabitliyin qorunması Azərbaycanın gələcək addımları baxımından da mühüm əhəmiyyət kəsb edir:
"Çünki Orta Dəhlizin inkişafı və Avropa ilə iqtisadi əməkdaşlıq strategiyamız regional sabitliklə birbaşa bağlıdır. Genişmiqyaslı müharibə başlayarsa, düşünürəm ki, onun təsirləri yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq. Bu təsirlər Körfəz ölkələrini, Türkiyəni, Cənubi Qafqazı, eləcə də Avropa və Asiyanın enerji bazarlarını əhatə edə bilər. Yəni, qarşıdurmanın nəticələri kifayət qədər geniş coğrafiyada hiss oluna bilər. Bu baxımdan, mümkün qarşıdurmanın nəzarətdən çıxmaması üçün bütün tərəflər düşünülmüş və məsuliyyətli addımlar atmalıdır”.
Aynur Babazadə