Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nəticəsiz danışıqlar, baş tutmayan sövdələşmələr müharibə riskini artırır. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli hesab edir ki, uzunmüddətli qarşıdurmalar, müharibələr dünyanı barıt çəlləyinə çevirib. İstər Rusiya ilə Ukrayna, istərsə İranla ABŞ arasında gedən müharibənin nə zaman başa çatacağını proqnozlaşdırmaq çətindir.
Sherg.az-a açıqlamasında Ə.Bəydəmirli qeyd etdi ki, vahiməli proseslər 3-cü dunya müharibəsi ehtimallarını artırır:
- Hazırda vəziyyət belədir ki, beynəlxalq hüquqa etinasızlıq hökm sürür, BMT gücsüz, dişsiz quruma çevrilib. Bu da real vəziyyətin xeyli ağırlığından xəbər verir. İran prezidenti Məsud Pezeşkian Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşündə bildirib:
“İran problemlərin diplomatik yolla həlli istiqamətində danışıqlar apardığı vaxt hücuma məruz qalıb. İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və hazırda da belə niyyəti yoxdur. Müharibə heç kimin xeyrinə deyil”. Göründüyü kimi, cənab Pezeşkian problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Görünən odur ki, ümumxalq səsverməsi yolu ilə prezident seçilmiş bu şəxsin məsuliyyəti var, amma səlahiyyəti yoxdur. Söz, səlahiyyət sahibləri isə generallardır. Ona görə də, İran ABŞ qarşıdurmasının diplomatik yolla başa çatacağı real deyil. ABŞ-dakı aralıq seçkisində ciddi itkilər verən Respublikaçılar Partiyasının uğursuzluğunu Donald Trampın İranla bağlı nəticəsiz müharibəsilə bağlayanlar var. Bu uğursuzluğu aradan qaldırmaq istəyən Trampın İrana total hücum əmri verəcəyi ehtimal olunur. Aparılan danışıqların nəticəsi olmayanda, ən əsası Trampın istədiyi sövdələşmə baş tutmayanda İrana total hücum əmrinin veriləcəyi mümkündür. Ən müasir silahlarla İran ərazisinə hücum, regionda yenidən qanlı döyüşlərin davam etməsi Azərbaycan üçün müəyyən risklər yaradır. O baxımdan biz bütün proseslərə hazır olmalıyıq.