İran: AEBA ABŞ nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

15.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (AEBA) İranın nüvə fəaliyyəti ilə bağlı birtərəfli hesabatlar hazırlamaqda ittiham edib.

AZƏRTAC İran mediasına istinadla xəbər verir ki, Bəqai deyib: “AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altında İranın nüvə proqramı ilə bağlı birtərəfli hesabatlar hazırlamağa davam edir. Bu yanaşma agentliyin nüvə məsələləri üzrə səlahiyyətli beynəlxalq təşkilat kimi nüfuzuna xələl gətirəcək. AEBA İranın nüvə obyektlərinə edilən hücumları görməzdən gəldi. Bu davam etdikcə, İranla agentlik arasındakı münasibətlərdə heç bir dəyişiklik gözlənilmir. AEBA texniki və müstəqil bir qurum olacağı, yoxsa ABŞ və Avropanın bəzi ölkələrinin təsiri altında fəaliyyətini davam etdirəcəyi barədə qərar verməlidir”.

XİN sözçüsü İran cəmiyyətində ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxacağı ilə bağlı fikirlərin olduğunu xatırladaraq əlavə edib: “NPT-nin tərəfi olduğumuz müddətcə, müqavilədə olan müddəalara əməl edəcəyik”.

ABŞ Prezidenti Donald Trampın gələn həftə Filippin və Çinə səfərinin ikinci mərhələsində Çinin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi üçtərəfli görüşə toxunan Beqai, həmçinin Tehranın Moskva və Pekinlə sıx əlaqədə olduğunu vurğulayıb. O bildirib: “Çin və Rusiya İranın mövqeyini yaxşı bilir və bu ölkələrlə strateji tərəfdaşlığımız var. Çin və Rusiya da ABŞ-nin birtərəfli mövqeyinə qarşı çıxır. Təbii ki, hər iki ölkə ABŞ ilə qarşılıqlı əlaqələrdə Vaşinqtondan müəyyən məsələlərə dair cavab tələb edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью