İran bu ərazilərini itirə bilər ŞƏRH

13.01.2026

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“İranda mümkün rejim dəyişikliyi avtomatik olaraq ölkənin parçalanacağı anlamına gəlmir, lakin ərazi bütövlüyü ilə bağlı risklərin artması ehtimalı realdır”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
O deyib ki, İran çoxmillətli və çoxkonfessiyalı dövlətdir: azərbaycanlılar, kürdlər, ərəblər, bəluclar, türkmənlər və digərləri ölkə daxilində geniş coğrafiyada yaşayır:
“Mövcud rejim bu müxtəlifliyi əsasən mərkəzləşdirilmiş, sərt təhlükəsizlik mexanizmləri ilə nəzarətdə saxlayır. Rejim dəyişərsə və bu dəyişiklik idarəolunan və institusional keçid şəklində olmazsa, mərkəzi hakimiyyətin zəifləməsi periferiyadakı etnik və regional narazılıqları üzə çıxara bilər. Parçalanma riski xüsusilə üç ssenaridə arta bilər: birincisi, dövlət institutlarının çökməsi və uzunmüddətli siyasi boşluq yaranarsa, ikincisi, yeni hakimiyyətin inklüziv siyasi model qura bilməməsi, üçüncüsü isə xarici güclərin daxili proseslərə birbaşa və ya dolayı müdaxiləsi”.
O bildirib ki, İranda separatizm geniş kütləvi ictimai dəstəyə malik vahid siyasi hərəkat formasında mövcud deyil:
“Əksər etnik qrupların əsas tələbləri müstəqillikdən çox siyasi hüquqların genişləndirilməsi, mədəni tanınma və iqtisadi ədalətdir. Bu baxımdan, federativ və ya gücləndirilmiş yerli özünüidarə modeli təklif edən yeni siyasi quruluş ərazi bütövlüyünü qoruyaraq sabitliyi təmin edə bilər. Nəticə etibarilə, rejim dəyişikliyi İranda parçalanmanı qaçılmaz etmir. Riskin səviyyəsi keçidin necə baş verdiyindən, yeni siyasi elitanın inklüzivliyindən və beynəlxalq mühitdən birbaşa asılı olacaq. Sürətli və nəzarətsiz dəyişikliklər parçalanma ehtimalını artırsa da, planlı və konsensus əsaslı islahatlar əksinə, ölkənin bütövlüyünü möhkəmləndirə bilər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью