Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Siyasi şərhçi Maşallah Rəzmi Bizimyol.info xəbər portalına bildirib ki, Pezeşkianın prezidentlikdən istefa verəcəyi ilə bağlı yayılan şayiələr ilk dəfə deyil: “Son iki il ərzində bu iddialar azı altı dəfə gündəmə gəlib. Bu mövzu xüsusilə İran parlamentinin hicabla bağlı qanun qəbul etməsindən sonra daha da aktuallaşmışdı.
Həmin vaxt Məsud Pezeşkian bildirmişdi ki, bu qanunu icra edə bilməz və onu tətbiq etməyəcək. Bundan sonra belə bir şayiə yayılmışdı ki, o, ölkənin ali rəhbəri ilə görüşərək deyib: “Əgər bu qanunun mütləq icra olunmasını istəyirsinizsə, mən bunu edə bilmərəm və istefa verməyə hazıram”. Lakin həmin dövrdə də bu iddialar təsdiqlənmədi və onun istefası qəbul olunmadı. Sonrakı aylarda da müxtəlif siyasi dairələrdə Pezeşkianın istefası məsələsi vaxtaşırı gündəmə gətirildi. Ancaq həm Pezeşkianın özü, həm prezident administrasiyası, həm də xüsusilə oğlu dəfələrlə bəyan ediblər ki, o, “meydandan qaçan adam deyil”. Onların sözlərinə görə, Pezeşkian siyasətə xalqa xidmət etmək üçün gəlib və onu istefaya məcbur etmək istəyən qüvvələr buna nail ola bilməyəcəklər”.
Maşallah Rəzmi
Rəzmi vurğulayıb ki, bu cür şayiələri yayan əsas qüvvələrin isə seçkilərdə Səid Cəlilini dəstəkləyən ifratçı siyasi dairələr olduğu bildirilir: Pezeşkian prezident seçildikdən sonra Cəlilinin tərəfdarları ona qarşı açıq müxalif mövqe tutmağa başladılar. Bu düşərgənin yaxın olduğu əsas siyasi təşkilatlardan biri də “Cəbhə-ye Paydari-ye İnqilab-e İslami” (Paydari İslami Cəbhəsi) hesab olunur. Bu qrup daha radikal dini-siyasi baxışları ilə tanınır. Onların bəzi nümayəndələri hesab edirlər ki, İmam Zəmanın zühurunu yaxınlaşdırmaq üçün cəmiyyət daha sərt ideoloji xətt izləməlidir. Bu səbəbdən onlar Qərblə danışıqlara, kompromisə və beynəlxalq razılaşmalara qarşı çıxır, “mübarizə və müqavimət” xəttini üstün tuturlar”.
Maşallah Rəzminin fikrincə, Pezeşkianın istefası ilə bağlı xəbərlərin vaxtaşırı yenidən gündəmə gətirilməsi də məhz İran daxilindəki bu ideoloji qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Maşallah Rəzminin Məsud Pezeşkianın istefası ilə bağlı videoşərhinə Bizimyol.info xəbər portalının YouTube səhifəsində izləyə bilərsiniz:
İradə Cəlil, Bizimyol.info