Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik mənzərəsi yenidən ciddi sınaq qarşısındadır. İsrailin müvəqqəti Baş naziri Binyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni hərbi əməliyyata başlamağa razı salmaq cəhdləri regionda gərginliyin növbəti mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırır. Diplomatik danışıqların nəticəsiz qalması ehtimalı fonunda səslənən bu mövqelər beynəlxalq ictimaiyyətin diqqətini yenidən Yaxın Şərqə yönəldib.
Anadolu Agentliyinin yaydığı məlumata görə, İsrail dövlət televiziyası KAN-ın məlumatlı mənbələrə istinadən verdiyi xəbərdə Netanyahunun Trampı mümkün qədər qısa müddətdə İrana yeni hücum əmri verməyə inandırmağa çalışdığı bildirilir. Bununla belə, ABŞ prezidentinin hələlik belə bir qərar qəbul etmədiyi qeyd olunur. Vaşinqton rəsmiləri ilə təmasda olan mənbələr Trampın hərbi əməliyyatla bağlı qərar verməyə tələsmədiyi qənaətindədirlər.
ABŞ prezidentinin açıqlamaları da məsələnin mürəkkəbliyini göstərir. Tramp bazar günü bəyan edib ki, razılaşma əldə olunmayacağı təqdirdə yanvarın 1-dən sonra İrana qarşı hərbi zərbə əmri verə bilər. Bu açıqlama diplomatik müstəvidə razılığın əldə olunması üçün vaxt çərçivəsinin daraldığına dair ehtimalları gücləndirib.
Agentliyin məlumatında diqqət çəkən digər məqam isə İsrailin hərbi rəhbərliyinin mövqeyidir. Bildirilir ki, İsrail ordusunun komandanlığı ABŞ-la tam koordinasiya təmin edilmədən İrana qarşı yeni addım atılmasının riskli olduğunu düşünür. Hərbi rəhbərlik uzunmüddətli və tükəndirici müharibəyə cəlb olunmaq təhlükəsi barədə də xəbərdarlıq edir.
Bu mənzərə göstərir ki, məsələ yalnız iki dövlət arasında hərbi qarşıdurma ehtimalı ilə məhdudlaşmır. ABŞ-ın mümkün qərarı, İsrailin təhlükəsizlik yanaşması və İranın buna verə biləcəyi cavab regionun bütövlükdə gələcəyinə təsir göstərə bilər. Xüsusilə Fars körfəzi və Hörmüz boğazının beynəlxalq enerji daşımaları üçün strateji əhəmiyyəti nəzərə alınarsa, hər hansı yeni hərbi eskalasiyanın nəticələri Yaxın Şərqin sərhədlərini aşaraq dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.
Beynəlxalq münasibətlər sistemində güc amilinin ön plana çıxması, diplomatik vasitələrin isə arxa plana keçməsi hər zaman daha ağır nəticələr doğurur. Yaxın Şərqdə yeni müharibə təhlükəsinin qarşısını almaq üçün tərəflərin siyasi iradə nümayiş etdirməsi, qarşılıqlı maraqları nəzərə alan danışıqlara üstünlük verməsi vacibdir. Çünki hərbi əməliyyatların başlanması qərarı bir neçə siyasi mərkəzdə verilsə də, onun humanitar, iqtisadi və təhlükəsizlik nəticələrinin yükünü bütöv regionun xalqları daşıyır.
N.Adilqızı
XQ