İran ətrafında yaranmış gərginlik elə bir həddə çatıb ki... Tural Gəncəliyev

03.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Prezident İlham Əliyevin İran Prezidenti ilə telefon danışığı bir daha göstərdi ki, Azərbaycan regionda mövcud olan bütün problemlərin sülh, dialoq və diplomatiya yolu ilə həllinə üstünlük verir. Bu telefon danışığı da Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu və təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda sülh istədiyini dünyaya mesaj kimi çatdırdı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

"Biz Ermənistan-Azərbaycan münaqişəsini öz gücümüzlə həll etdikdən sonra artıq regionda və dünyada sülhün əldə olunmasında maraqlı tərəf kimi çıxış edirik. İran bizim qonşu ölkəmizdir və təbii ki, İranda baş verən problemlərin də sülh yolu ilə həll olunmasını hamı istər. Xüsusilə nəzərə alsaq ki, digər böyük qonşuluğumuzda Rusiya-Ukrayna müharibəsi gedir və bu münaqişənin NATO-Rusiya toqquşmasına çevrilməsi təhlükəsi mövcuddur", - deyə o, qeyd etdi.

Millət vəkilinin fikrincə, bizim üçün vacibdir ki, qonşuluğumuzda hər yerdə sülh və regional əməkdaşlıq olsun:

"Təsadüfi deyil ki, Ermənistan üzərində qələbədən sonra Azərbaycan müdriklik və böyüklük nümayiş etdirərək sülh gündəmi ilə çıxış etdi. Ermənistana tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, taxıl daşınması, enerji daşıyıcılarının göndərilməsi, bütün bunlar Azərbaycanın siyasətinin mahiyyətini, məntiqini və düşüncə tərzini əks etdirir. Bu baxımdan İran və Azərbaycan liderləri arasında baş tutan telefon danışığını da məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Bu addım eyni zamanda Azərbaycanın qlobal siyasətdə fəal iştirak etdiyini, qlobal gündəliyin formalaşmasına töhfə verdiyini və cənab prezidentin dünya səviyyəli lider olduğunu bir daha göstərir. Çünki İran ətrafında yaranmış gərginlik elə bir həddə çatıb ki, bu, az qala İran-ABŞ toqquşmasına və bütün regionun böyük bir münaqişəyə sürüklənməsinə səbəb ola bilər. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti kimi liderlərin və ölkəmizin bu məsələdə verdiyi müsbət töhfə həqiqətən də təqdirəlayiqdir. Ümid edirəm ki,  Azərbaycanın sülh niyyətli bu addımı regionda mövcud problemlərin həllinə real töhfə verəcək".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью