Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İran mediasının adı açıqlanmayan rəsmi mənbəyə istinadla yaydığı “istənilən hücum tam miqyaslı müharibə kimi qəbul ediləcək” bəyanatı maraqla qarşılanıb. Analitiklərin fikrincə, bu, Tehranın regionda və beynəlxalq münasibətlərdə daha sərt ritorikaya keçdiyini göstərir.
Mənbənin sözlərinə görə, İran hökuməti istənilən hücumu – istər “məhdud”, istər “cərrahi”, istərsə də dolayı xarakterli olsun – tammiqyaslı müharibə kimi qiymətləndiriləcək və buna mütənasib olmayan, maksimal güclə cavab veriləcək.
Rəsmi mənbənin “12 günlük müharibə dövründəkindən daha yaxşı vəziyyətdəyik” açıqlaması da təsadüfi deyil, bir tərəfdən İranın hərbi-texniki hazırlığını, digər tərəfdən isə daxili sabitliyin müəyyən qədər bərpa edildiyi mesajı kimi dəyərləndirilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, son proseslər fonunda İran rejimi əvvəlki dövrlərlə müqayisədə daha inamlı təsir bağışlayır:
“Daxildən rejimi sarsıtmağa yönələn cəhdlər hələlik gözlənilən nəticəni verməyib. Xalq etirazları genişmiqyaslı üsyana çevrilmədi, Qərb dairələrinin və xüsusilə ABŞ-ın bu proseslərə impuls vermək cəhdləri isə real nəticə doğurmadı.
ABŞ Prezidenti Donald Trampın “kömək yoldadır” tipli açıqlamaları konkret addımlarla müşayiət olunmadıqdan sonra İran cəmiyyətində bu çağırışlara inam azaldı. Bu da rejimin mövqelərini daha da sərtləşdirməsinə, repressiv addımları artırmasına şərait yaratdı. Hətta bəzi edamların guya ABŞ tərəfindən dayandırıldığına dair yayılan xəbərlər qısa müddətli ümid yaratsa da, sonradan gələn əks-məlumatlar bu ümidləri tamamilə puça çıxardı.
Ən diqqətçəkən məqamlardan biri isə Qərbin İran daxilində alternativ siyasi fiqur təqdim edə bilməməsidir. Sonuncu İran şahının oğlu Rza Pəhləvinin siyasi ambisiyaları nə daxildə ciddi dəstək tapdı, nə də ABŞ tərəfindən real şəkildə qəbul edildi. Onun “İran xalqı Trampın yolunu gözləyir” tipli açıqlamaları cəmiyyətdə ciddi etirazla qarşılandı və siyasi ciddiyyət daşımadığı ortaya çıxdı.
Bütün bu faktorlar molla rejiminin son bir ayda özünü daha güvənli hiss etməsinə səbəb olub. 12 günlük müharibədən sonra İran hakimiyyəti müəyyən nəticələr çıxarıb, hərbi və təhlükəsizlik sahəsində korrektələr edib. Xarici işlər naziri Abbas Əraqçının Ukrayna Prezidenti Volodimir Zelenskiyə verdiyi cavab da bu psixoloji üstünlük mesajının tərkib hissəsidir. O, İranın kənardan hərbi yardıma ehtiyac duymadan özünü müdafiə etməyə qadir olduğunu vurğulamaqla həm daxili auditoriyaya, həm də xarici aktorlara mesaj verdi.
Cavanşir Abbaslı
Siyasi şərhçi bildirib ki, İran rejimi son hadisələrdən sonra bir növ “kəfəni yırtdığını” düşünür:
“Cəmiyyətdə isə ümidsizlik və siyasi apatiya dərinləşib. Ötən ilin sonlarından etibarən başlayan xalq etirazları rejimin süqutunu sürətləndirmək əvəzinə, paradoksal şəkildə onun ömrünü bir neçə il də uzatmış kimi görünür. Yeni kütləvi üsyan dalğasının nə zaman baş qaldıracağı isə hələlik açıq sual olaraq qalır.
Bir məsələ isə artıq aydındır: Bundan sonra da cənub qonşumuzdan belə sərt və iddialı açıqlamaların tez-tez şahidi olacağıq. Açıqlamanı verən şəxsin kimliyi rəsmi şəkildə bəlli olmasa da, İranın dövlət rəsmiləri səviyyəsində oxşar ritorikanın əvvəllər də səsləndirildiyini unutmamalıyıq”.
Turan Rzayev
Globalinfo.az