Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran 48 ildən sonra ilk dəfə ABŞ-a qarşı sanksiyalarla bağlı iş üzrə Amerika əmlakının müsadirə edilməsinə nail olub. Söhbət tibbi ləvazimatların tədarükünə təsir göstərən sanksiyalardan gedir.
Modern.az xəbər verir ki. bu barədə “EB Evi” xeyriyyə təşkilatının rəhbəri Həmid Haşemi Qolpayeqani bildirib.
“İran İslam Respublikasının mövcud olduğu 48 il ərzində ilk dəfə bu cür məhkəmə prosesi çərçivəsində ABŞ-a qarşı maliyyə nəticəsi əldə edə və həmin ölkənin əmlakını müsadirə edə bildik”, —Qolpayeqani deyib.
Söhbət 2021–2022-ci illərdə nadir genetik xəstəlik olan epidermolizis büllozadan, başqa sözlə, “kəpənək xəstəliyi”ndən əziyyət çəkən 771 xəstənin ailələri tərəfindən qaldırılmış iddiadan gedir. Onlar ABŞ-ın sanksiyalarının xüsusi sarğı materiallarının və dərmanların tədarükünü məhdudlaşdırmasına görə kompensasiya tələb ediblər.
Məhkəmə prosesi çərçivəsində İran tərəfi ABŞ-a məxsus tankerdəki neft yükünü həbs edib və satıb. Əldə olunan vəsait zərərçəkənlərə ödənilib. Hər bir xəstəyə 2 milyard tümən (təxminən 31 min 324 manat) verilib. Tehranda keçirilən təntənəli mərasimdə ödəniş sənədləri nümayiş etdirilib.
Tehran Ədliyyə İdarəsinin rəhbəri Nasir Ottabati ödənişləri şərh edərkən nadir xəstəliklərdən əziyyət çəkən insanların müalicəyə çıxışını məhdudlaşdıran ABŞ sanksiyalarını tənqid edib. Onun sözlərinə görə, heç bir hüquq sistemi bu cür xəstələr üçün dərman və tibbi avadanlıqların sanksiya siyahılarına daxil edilməsinə yol verməməlidir.
O, həmçinin bildirib ki, eyni qaydada mukopolisaxaridoz (MPS) xəstəliyindən əziyyət çəkən 750 xəstəyə kompensasiya ödənilməsi məsələsi də həll olunacaq.