Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
İran parlamenti ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirir.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran parlamentinin (Məclis) rəyasət heyətinin üzvü Əlirza Səlimi məlumat yayıb.
O, “Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün strateji tədbirlər haqqında” qanun layihəsinin mətninin hazırda Milli Təhlükəsizlik Komitəsi tərəfindən nəzərdən keçirildiyini bildirib.
Səlimi qeyd edib ki, layihə ABŞ, İsrail və düşmən hesab edilən digər dövlətlərə məxsus gəmilərin Hörmüz boğazından keçidinin qadağan edilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, İrana zərər vuran ölkələr, dəyən ziyan tam ödənilənə qədər Hörmüz boğazından və Fars körfəzindən keçməyə icazə ala bilməyəcəklər.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai daha əvvəl İran və Omanın Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatları barədə razılığa gəldiyini bildirmişdi. Lakin o, Tehran və Maskat arasında gələcək razılaşmanın boğazın dərhal açılması demək olmadığını və bunun ABŞ-in hərəkətlərindən asılı olduğunu qeyd etmişdi.