İran ilə Azərbaycan arasında diplomatik böhranı dərinləşə bilər?

06.03.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Həm Tehrandakı səfirlik, eyni zamanda Təbrizdəki Baş konsulluğun evakuasiyası ilə bağlı tapşırıqlar verilib".

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini ilə birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramovun sözlərinə görə, Prezident İlham Əliyev İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verib.

Bəs bu addım Azərbaycan və İran arasında siyasi böhranın dərinləşməsinə səbəb ola bilərmi?

Politoloq Bakir Həsənbəyli “Cebheinfo.az”-a bildirib ki, təhlükəsizlik tədbirləri çərçivəsində Azərbaycan Respublikasının həm Tehrandakı səfirliyin, eyni zamanda Təbrizdəki Baş konsulluğun evakuasiyası, əslində bu ölkədəki xaotik hərbi-siyasi vəziyyətlə bağlıdır:

“Ümumiyyətlə İranın teokratik rejiminin Azərbaycana münasibəti həmişə zidiyyətli və qərəzli olub.  27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu kimsə unutmayıb.

Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə Rusiya istehsalı olan “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunda hər hansı maneəyə rast gəlmədən, Azərbaycan ərazisi hesab olunan səfirlik binasına daxil olaraq, səfirlik əməkdaşlarına atəş açaraq 2 nəfəri yaralamış və bir nəfəri qətlə yetirmişdi. 

Bu hadisənin İran dövləti tərəfindən hazırlanması və icrasının konkret şəxsə və ya şəxslərə tapşırılması sirr deyil”.

Onun sözlərinə görə, uzun müddət Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında danışıqların aparılmasına baxmayaraq ölkəmiz rəsmi Tehranın siyasətindəki ziddiyyətli məqamlara görə səfirliyin fəaliyyətini bərpa etmirdi:

“Lakin uzunmüddətli müzakirələrdən sonra 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa etdi. İran tərəfi akkreditasiya ölkəsi kimi “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində səfirlik əməkdaşlarının təhlükəsizliyinə təminat vermək imkanlarından hazırkı situatsiyada məhrum olub.

Bu ölkədə siyasi hakimiyyətin bütün hüquqları məhdudlaşdırılıb. Ölkəni demək olar ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı hərbçilər idarə edirlər.  Bildirim ki, SEPAH-ın bugünkü rəhbəri Vahidi 1994-cü ildən terrorçu kimi “qırmızı bülleten”lə beynəlxalq axtarışdadır. O, 85 nəfərin ölümündə, 300 nəfərin yaralanmasında birbaşa iştirak edən terror qruplaşmasının üzvi olub.

Belə bir idarəçilk formatı olan ölkədə hər hansı diplomatik korpusun təhlükəsizliyinə zəmanət şübhə doğurur. Düşünürəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin həm Tehrandakı səfirliyin, eyni zamanda Təbrizdəki Baş konsulluğun evakuasiyası ilə bağlı addımı qaunauyğundur”.

Politoloq qeyd edib ki, hazırda İranda olduqca namərd zehniyyətə sahib bir rejim var:

“Bu rejimin etibarsızlığı artıq sübut olunub. Cənab Prezidentin ötən gün Təhlükəsizlik Şurasının iclasında söylədiyi “kim nə edəcəksə, cavabını alacaq” fikri Azərbaycana yönəli qərəzli münasibətlərə arqumentli cavab idi.

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin atdığı bu addımı eyniylə İran tərəfi də ata bilər. Zatən İranın Azərbaycandakı səfirliyi illərdir ki, gizli hücrələr formalaşdırmaqla məşğuldur. Bu ölkənin xarici siyasətinə normal, bərabərhüquqlu, səmimi qonşuluq prinsipləri yaddır”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: İran Bakir Həsənbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью