Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İranın ABŞ və İsrailə qarşı müqaviməti uzunmüddətli perspektivdə də davam etdirmək imkanları var".
Bunu Bakıvaxtı.az-a İranın ABŞ və İsrailə qarşı müqavimətinin iqtisadi və hərbi resurslarının yetərliliyi ilə bağlı sualı cavablandıran politoloq Azad Məsiyev deyib.
O bildirib ki, ABŞ və İsrail uzun müddətdir İranda hakimiyyəti dəyişmək istiqamətində fəaliyyət göstərir:
“Uzun müddətdir ki, İranda tətbiq edilən sanksiyalar məhz bu strategiyaya hesablanıb: İranı iqtisadi cəhətdən zəiflətmək, sosial vəziyyəti gərginləşdirmək, iqtisadi böhran yaratmaq və nəticədə hakimiyyəti dəyişmək. Bu ssenari uzun müddətdir tətbiq edilsə də, özünü doğrultmur”.
Politoloqun sözlərinə görə, ABŞ və İsrail zaman-zaman müxtəlif bəhanələrlə İrana təzyiqlər göstərib:
“Bəzi vaxtlar İranın terrorçuları dəstəkləməsi, bəzi hallarda isə İranda insan haqlarının pozulması bəhanə edilirdi. Bu ad altında İrana sanksiyalar tətbiq edilmişdi. İndi isə növbəti bəhanə uranın zənginləşdirilməsidir və bunu bəhanə edərək İranda hərbi əməliyyata başladılar”.
A.Məsiyev hesab edir ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı siyasi baxımdan fiaskoya uğrayıb:
“Amerikadakı siyasi ekspertlər açıq şəkildə bəyan edirlər ki, Amerikanı hərbi əməliyyata vadar edən İsrail olub. Yəni əməliyyat İsrail baş nazirinin təkidi ilə başladılıb. Aparılan hərbi əməliyyat siyasi baxımdan fiaskoya uğradı və nəticədə Amerika ictimaiyyətində Trampın reytinqi enməkdədir, beynəlxalq aləmdə isə iqtisadi xaos yaradılıb”.
Politoloq qeyd edib ki, İrana qarşı hərbi əməliyyatın məqsədlərindən biri də ölkədə hakimiyyəti dəyişmək olub.
“İranda aparılan hərbi əməliyyatın ilk günündən elan edilmişdi ki, məqsəd hakimiyyəti dəyişməkdir. Hətta İsrailin baş naziri və Amerikanın prezidenti açıq şəkildə bildirdilər ki, əməliyyatın məqsədi İranda hakimiyyəti dəyişməkdir, yəni daha doğrusu, İranı işğal etmək istədilər”, - deyə o bildirib.
A.Məsiyevin sözlərinə görə, İranın ABŞ üçün əhəmiyyəti yalnız regional təhlükəsizliklə məhdudlaşmır. Onun fikrincə, İranın işğal edilməsi və ya ABŞ-ın təsir dairəsinə salınması Çinin və Rusiyanın maraqlarına qarşı da istifadə edilə bilərdi.
“İran neftinin 70-80 faizini Çinə satır. Çini iqtisadi cəhətdən zəiflətmək üçün Çinə gedən enerji mənbələrini kəsmək lazımdır. Bu baxımdan Venesuelada aparılan hərbi əməliyyat da buna hesablanıb ki, Venesuela da neftini Çinə satırdı”, - politoloq vurğulayıb.
O bildirib ki, İranın işğalı halında Çinə neft satışına məhdudiyyət qoyula, eyni zamanda Hörmüz boğazı üzərində nəzarət qurula bilərdi:
“Hörmüz boğazını da Amerika öz nəzarətinə götürmək istəyir. Dünyanın enerji resurslarının təxminən 20 faizi bu boğazdan keçən tankerlərlə daşınır. Hansı dövlət Amerikanın maraqlarına uyğun davranmayacaqdısa, həmin dövlətin tankerlərinə məhdudiyyət qoyulacaqdı”.
Politoloqun fikrincə, İranın işğalı Rusiyanın da cənub cinahının bağlanmasına səbəb ola bilərdi.
“Şimal-Cənub dəhlizi Rusiyanın İran üzərindən İran körfəzinə və oradan da Hind okeanına çıxış yoludur. Bu yolu bağlamaq istəyirlər və bu baxımdan İran işğal edilməlidir”, - deyə A.Məsiyev əlavə edib.
O qeyd edib ki, İranın Rusiya və Çin kimi müttəfiqləri də ABŞ-nin İrana qarşı siyasətinin mümkün nəticələrini anlayırlar:
“Rusiya və Çin gözəl bilir ki, İran işğal olunarsa, İrandan həmin dövlətlərə qarşı istifadə ediləcək”.
A.Məsiyev İranın özünümüdafiə hüququnun olduğunu da vurğulayıb:
“Təbiidir ki, İranın Amerikanın İsraillə apardığı işğalçılıq siyasətinə qarşı özünü müdafiə etmək haqqı var. Bu, BMT-nin Nizamnaməsinin əsasında aparılan bir haqqdır. İran özünü müdafiə etmək üçün "bütün vasitələr məqbuldur" prinsipini tətbiq edir. Hətta Hörmüz boğazının bağlanmasını da özünümüdafiə sisteminin tərkib hissəsi kimi qəbul edir”.
Müsahibimiz hesab edir ki, uzun illər tətbiq edilən sanksiyalara baxmayaraq, İran hərbi texnologiyasını inkişaf etdirə bilib:
“İran özünü müdafiə etmək üçün hərbi texnologiyasını inkişaf etdirib və hazırda da bu texnologiya özünü təsdiqləyir. Baxmayaraq ki, İsrail və Amerika ən müasir texnologiya ilə hava hücumundan müdafiə sistemləri yaratmışdılar, İranın hərbi texnologiyası bu sistemi dağıdaraq İsrailə və Amerikanın hərbi bazalarına zərbələr endirir”.
A.Məsiyev İranın ABŞ və İsraillə eyni hərbi gücə malik olmadığını, lakin özünü müdafiə etmək imkanlarının olduğunu bildirib:
“Tərəfləri tərəzinin gözünə qoysaq, İran Amerika və İsraillə eyni çəkiyə malik gücə sahib deyil. Amma İranın da özünü müdafiə etmək qədər gücü var. Eyni zamanda, özünəməxsus müttəfiqləri var. Müttəfiqləri vasitəsilə də siyasi və mənəvi dəstək alır və bütün vasitələri özünü müdafiə etmək üçün tətbiq edir”.
Həmsöhbətimiz ABŞ-nin İrana qarşı hərbi əməliyyatının siyasi baxımdan uğursuz olduğunu düşünür:
“Hesab edirəm ki, Birləşmiş Ştatların apardığı hərbi əməliyyat siyasi baxımdan fiaskoya uğrayıb. Ona görə də hər vəchlə İrana təzyiq edirlər ki, hər hansı bir siyasi razılaşma əldə edilsin və onu Amerika ictimaiyyətinə təqdim etsinlər. Çünki qarşıdan Konqresə seçkilər gəlir. Bu seçkilərdə demokratlar mütləq qələbə qazansa, onda Trampın impiçment məsələsi gündəmə gələcək”.
Azad Məsiyev: İranın işğalı Rusiyanın da cənub cinahının bağlanmasına səbəb ola bilərdi
Məsiyev bildirib ki, Trampın seçki kampaniyası zamanı verdiyi sülh vədləri ilə hazırkı siyasəti arasında ciddi fərq var:
“Tramp prezident seçkiləri ərəfəsində özünü sülh göyərçini kimi təqdim edirdi və hakimiyyətə gələrsə, dünyada münaqişələrin qarşısını alacağını, münaqişələri dayandıracağını bəyan etmişdi. Seçicilərə bu ad altında təbliğat aparılırdı və açıq desək, Tramp öz seçicilərini aldatdı. Çünki hakimiyyətə gələndən sonra nəinki münaqişələrin qarşısını aldı, əksinə, yeni münaqişə ocaqları yaratdı”.
Politoloq əlavə edib ki, İranla bağlı hazırkı vəziyyət də Trampın siyasətinin nümunələrindən biridir:
“Venesuelanı işğal etmək siyasəti, İranda aparılan hərbi əməliyyat, Yaxın Şərqdə İsrailin apardığı soyqırım siyasətinə bu və ya digər formada dəstək verməsi və Ukrayna münaqişəsi faktiki olaraq dalana dirənib və davam etməkdədir”.
Dediyinə görə, Trampın siyasəti dünyada xaosu daha da genişləndirir:
“Trampın verdiyi bəyanatların hamısı sabun köpüyü kimi boş şey çıxdı. Trampın məqsədi hakimiyyətə gəlmək və dünyada xaosu daha da genişləndirmək idi. Bu xaosun fonunda öz maraqlarını həyata keçirir”.
O, Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı açıqlamalarının da bu siyasətin göstəricisi olduğunu qeyd edib:
“Özünü sülh göyərçini kimi təqdim edən Tramp Kanadanın Amerikanın 51-ci ştatı olacağını, Qrenlandiyanın Amerikanın olmalı olduğunu, Panama kanalının Amerikanın nəzarətində olmalı olduğunu deyir. Bu cür avantürist bəyanatlar da açıq şəkildə göstərir ki, burada sülh məramı, heç bir niyyəti yoxdur”.
Politoloq sonda İranın özünü müdafiə etmək imkanlarının olduğunu vurğulayıb:
“İranın kifayət qədər özünü müdafiə etmə gücünə malikdir və müttəfiqlərindən də bu dəstəyi almaqdadır”.
Zeynəb Rzayeva