İran MDB nin özünə deyil, “MDB+” formatına qoşula bilər ŞƏRH

26.11.2026

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tehranın yeni siyasi gedişinin arxasında postsovet planı görünür

İranın MDB ilə əməkdaşlığında yeni mərhələnin başlanması ehtimalı gündəmə gəlib. Tehran postsovet məkanında siyasi və iqtisadi əlaqələrini genişləndirmək istiqamətində növbəti addım ata bilər. Belə ki, İran MDB-yə üzv olmadan təşkilatın “MDB+” formatında iştirakçı statusu əldə edən ilk dövlət ola bilər.

MDB-nin baş katibi Sergey Lebedev bu məsələnin hazırda müzakirə mərhələsində olduğunu açıqlayıb. Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian bu təşəbbüsü oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən MDB sammitində səsləndirib.

Qeyd edək ki, “MDB+” formatı birliyin tamhüquqlu üzvü olmayan, lakin təşkilatla əməkdaşlıqda maraqlı olan ölkələrlə əlaqələrin genişləndirilməsini nəzərdə tutur. İranın bu formata qoşulması Tehranın MDB məkanında siyasi, iqtisadi və diplomatik mövqelərini gücləndirmək imkanlarını artıra, eyni zamanda təşkilatın əməkdaşlıq coğrafiyasının genişlənməsinə şərait yarada bilər.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a açıqlamasında bildirib ki, İranın “MDB+” formatına qoşulmasının hələlik ölkə iqtisadiyyatına və ya daxili siyasi vəziyyətinə konkret müsbət təsirlər göstərəcəyini söyləmək mümkün deyil:

“Çünki "MDB+" formatında iştirak MDB-nin özündə iştirak demək deyil. İkincisi, MDB-nin özü nə dərəcədə aktiv mexanizmdir? An etibarilə MDB formatı formal mövcudluqdan o tərəfə keçmir. Yəni MDB ölkələri arasında ikitərəfli, bəzən üçtərəfli, nadir hallarda isə çoxtərəfli əməkdaşlıqlar qurulub, layihələr həyata keçirilib. Amma bunların heç biri MDB-nin mövcudluğuna görə baş verməyib.

Məsələn, Rusiyanın Qazaxıstanla əlaqələri MDB mövcud olduğu üçün yaranmayıb. Bu, iki dövlətin qurduğu ikitərəfli münasibətlərdir və tamamilə onların iradəsindən asılıdır. Bunu birlik çərçivəsində əlaqələrin və ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi kimi başa düşmək düzgün deyil.

Məsələn, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə, istər bütövlükdə, istərsə də ayrı-ayrılıqda münasibətləri, həmçinin Rusiya və Belarusla əlaqələri MDB-nin koordinasiyası ilə həyata keçirilən və ya bu təşkilatın mövcudluğunu zəruri edən münasibətlər sistemi deyil. Sabah MDB olmasa belə, Azərbaycan digər üzv ölkələrlə – Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus və digər dövlətlərlə münasibətlərini həmişəki səviyyədə qoruyub saxlayacaq. Eyni zamanda, həmin ölkələr də bir-biri ilə münasibətlərini davam etdirəcəklər”.

Analitik bildirib ki, İran MDB-nin özünə deyil, “MDB+” formatına qoşula bilər. Bu isə ölkəni tamhüquqlu üzvə çevirməyəcək və təşkilatın üzvlərinə verilən üstünlüklərdən yararlanmasına imkan yaratmayacaq:

“‘MDB+’ formatına qoşulmaq İranla MDB ölkələri arasında etimad mühiti yarada və ya mövcud etimadı daha da artıra bilər. Yəni MDB ölkələri İranı tərəfdaş kimi görməyə davam edəcəklər.

Əslində, MDB-nin bir çox ölkəsi ilə, xüsusilə Mərkəzi Asiya respublikaları, Azərbaycan, Gürcüstan və Ermənistanla İranın hazırda kifayət qədər yaxşı əlaqələri var. Bununla belə, bəzi nüanslar ortaya çıxır, əlaqələr korlanır və ya müəyyən gərginliklər yaranır.

Bunun səbəblərinə, məsələn, Azərbaycanla münasibətlər kontekstində nəzər salsaq, İranın bəzi məsələlərə, istər iqtisadi, istərsə də siyasi xarakterli olsun, radikal yanaşmasının və nümayiş etdirdiyi mövqenin şahidi oluruq. Sabah ‘MDB+’ formatına qoşulduqdan sonra belə, İran anti-Azərbaycan siyasətini davam etdirsə, yaxud Gürcüstana, Ermənistana və ya Mərkəzi Asiya ölkələrinə qarşı bu cür siyasət yürütməyə davam etsə, təbii ki, münasibətlərdə yenə də durğunluq və ya gərginlik hiss olunacaq.

Ancaq ümumilikdə ‘MDB+’ formatına qoşulmaq İranın xarici siyasətində müəyyən dəyişiklik etmək niyyətinin göstəricisi kimi qəbul oluna bilər. Çünki Avropa ilə yaşanan problemlər, eyni zamanda ABŞ və İsraillə müharibə reallığı fonunda İranın belə bir addım atması MDB ölkələrində ona qarşı marağı artıra bilər. Bu addım İranın Mərkəzi Asiya dövlətləri, Cənubi Qafqaz ölkələri və Rusiya ilə əlaqələrini daha da inkişaf etdirmək istədiyinin göstəricisi kimi qiymətləndirilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью