Icma.az, Modern.az portalına istinadən məlumat verir.
İran ABŞ və İsraillə qarşıdurmada yeni mərhələyə daxil olduğunu bəyan edib.
Modern.az-ın məlumatına görə, İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib ki, Tehran hazırda münaqişənin “üçüncü fazasına” qədəm qoyur.
Qaribabadinin sözlərinə görə, indiyədək üç mərhələ mövcud olub: birinci mərhələ 12 gün davam edən müharibə, ikinci mərhələ isə müharibədən cəmi yeddi ay sonra baş verən daxili iğtişaşlar olub. Onun fikrincə, hazırda regionda baş verən proseslər qarşıdurmanın yeni fazasının başlanğıcıdır. İran XİN rəhbərinin müavini qeyd edib ki, taktika dəyişsə də, bu mərhələdə də qarşı tərəf əvvəlkilər kimi uğursuzluğa düçar olacaq.
Qaribabadi vurğulayıb ki, İran hətta məhdud miqyaslı zərbəyə belə “müvafiq cavab” verəcək.
Bu arada sosial şəbəkələrdə yayılan məlumatlara görə, Yaxın Şərq ölkələrindən azı on hökumət təyyarəsinin havaya qalxması qeydə alınıb. Bu, bəzi müşahidəçilər tərəfindən diplomatik heyətlərin mümkün təxliyəsi kimi qiymətləndirilir. Rəsmi qurumlar hələlik bu məlumatları təsdiqləməyib.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp yenidən İranı hədələyib.
"Nəhəng bir armada İrana doğru gedir. O, sürətlə, böyük güc, həvəs və məqsədlə hərəkət edir. Bu donanma Venesuelada olduğu kimi, İranla da bağlı lazım olduğu təqdirdə, öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir. Ümid edirik ki, İran tez bir zamanda bütün tərəfləri qane edən ədalətli, bərabər, nüvə silahından imtina olunmuş razılaşma üçün danışıqlar masasına oturacaq. Zaman vacibdir, bu, həqiqətən vacibdir! Bir dəfə İrana dediyim kimi, SAZİŞ BAĞLAYIN! Onlar bunu etmədilər və "Gecəyarısı çəkic" əməliyyatı başladıldı, nəticədə İran üçün ciddi dağıntılar yarandı. Növbəti hücum daha pis olacaq! Bunun bir daha təkrarlanmasına imkan verməyin", - deyə ABŞ Prezidenti qeyd edib.