Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-İran qarşıdurması fonunda Vaşinqtonun Tehran üzərində təzyiq siyasəti davam edir. Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsini dəstəkləyir və bunun Tehranın yeni sazişə razılaşmasına səbəb ola biləcəyini düşünür.
Digər tərəfdən, Qətər və bəzi vasitəçilər ABŞ və İran arasında danışıqların bərpasına çalışırlar. Vaşinqton isə hazırda təzyiq mexanizmlərinin öz mövqeyini gücləndirdiyini hesab edir və yalnız uyğun şərait yarandıqda Tehranla danışıqlara qayıtmağa hazır olduğunu bildirir. Ağ Ev rəsmisinin sözlərinə görə, Donald Tramp administrasiyası isə hesab edir ki, sanksiyalar və blokada ABŞ-nin İran qarşısındakı mövqeyini gücləndirib. ABŞ rəsmisi əlavə edib ki, Prezident Donald Tramp uyğun şərait yarandıqda İranla danışıqlara hazırdır, amma hazırda buna ehtiyacı yoxdur.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara ehtiyac olmadığını bildirməsi siyasi manevr xarakteri daşıyır. Onun sözlərinə görə, Vaşinqtonun blokadanı davam etdirmək mövqeyi fonunda Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində diplomatik prosesin perspektivini yeni təzadlı bir duruma sürükləmək deməkdir:
“Maksimum təzyiq və məcburetmə strategiyasına uyğun olaraq ABŞ lideri mütəmadi olaraq bu cür bəyanatlar verir. Trampın danışıqlara ehtiyac görməməklə bağlı bəyanatı diplomatiyadan tamamilə imtina etmək mənasına gəlmir. Bu, Tehranı iqtisadi və siyasi cəhətdən zəiflədərək daha ağır şərtlərlə masaya oturtmaq məqsədi daşıyan maksimum təzyiq siyasətinin davamıdır. ABŞ rəhbərliyi İranın mövcud sanksiyalar fonunda güzəştə getməyə məcbur olacağını və gələcək danışıqlarda Vaşinqtonun mövqeyinin daha güclü olacağını hesablayır. Lakin ABŞ-ın regional müttəfiqləri olan İsrail və Körfəz ölkələri ilə birlikdə İranı tamamilə izolyasiya etmək xəttini seçməsi də mümkündür. Belə ki, Vaşinqton İranın nüvə proqramı və regional təsirini məhdudlaşdırmaq üçün birbaşa dialoq yerinə, iqtisadi blokadanı və hərbi çəkindirməni daha effektiv alət sayır”.
T. İrfan hesab edir ki, sanksiyaların yaratdığı iqtisadi çətinliklər fonunda İranın daxili sabitliyi qorumaq üçün ABŞ-ın şərtlərini, nüvə proqramının tam dayandırılması, ballistik raketlərin məhdudlaşdırılması və regional proksi qüvvələrə dəstəyin kəsilməsini qismən qəbul edərək yeni bir razılaşmaya imza ata biləcəyi ehtimal olunur:
“Lakin buna sivil hakimiyyətin nümayəndələri razı olsa da mühafizəkarlar, əsasən dövləti de-fakto təsiri altında saxlayan SEPAH imkan verməz. Belə olduğu halda da ya daxili çaxnaşmalar ya da İsraillə ABŞ-ın həlledici hücumları labüdləşəcək. Tərəflərin böyük bir müharibədən qaçdığı, lakin eyni zamanda kompromisə də getmədiyi ssenari yaranıb hazırda. Bu halda sanksiyalar qüvvədə qalacaq, regional səviyyədə Suriyada, Yəməndə, Livanda proksi toqquşmalar davam edəcək və münasibətlər nə hərb, nə sülh vəziyyətində qalacaq. Hər hansı bir tərəfin strateji səhvi, nüvə proqramının kritik həddə çatması və ya regional insidentlərin böyüməsi nəticəsində gərginliyin birbaşa hərbi toqquşmaya çevrilməsi riski də tamamilə istisna edilmir, lakin bu, hər iki tərəf üçün ən yüksək xərcli ssenaridir. İsrail Baş naziri Benyamin Netanyahunun BMT-dəki son çıxışı da İranla bağlı ciddi hücum proqramının hazırlanmasından xəbər verir. Əgər danışıqlar həqiqətən də bitərsə ikinci variantda, yəni vaxtilə İraqa qarşı olduğu kimi, lakin bu səfər ABŞ - İsrail və Körfəz ölkələrinin birliyi nəticəsində İrana qarşı əsas müharibə başlaya bilər. Əgər ABŞ rejimi devirməyi konkret məqsəd qoysa Körfəz ölkələri şübhəsiz ki, Vaşinqtona real dəstək verəcəklər”.