İran nüvə proqramı ilə bağlı təklifini ABŞ a Qətər vasitəsilə çatdırıb

06.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginliyin diplomatik yolla aradan qaldırılması istiqamətində yeni təşəbbüs ortaya çıxıb. İran nüvə proqramı ilə bağlı təklifini ABŞ-a Qətər vasitəsilə çatdırıb. Lakin Tehran bu təklifin müzakirəsini Vaşinqtonun İran tərəfindən irəli sürülmüş yeddi tələbi yerinə yetirməsi ilə şərtləndirib.

“Reuters” agentliyinin  məlumatına görə, bu barədə adının açıqlanmasını istəməyən yüksək vəzifəli iranlı rəsmi bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi artıq təklifi nəzərdən keçirir, lakin sənədin konkret məzmunu və irəli sürülən şərtlərin bütün detalları açıqlanmayıb.

İranın ali təhlükəsizlik rəsmisi Möhsün Rzayi noyabrın 5-də Rusiyaya səfəri zamanı diplomatik proseslə bağlı açıqlamasında Vaşinqtona yeddi şərtin təqdim edildiyini bildirib. O vurğulayıb ki, həmin tələblər yerinə yetirilməyənədək Tehran nə Hörmüz boğazını açacaq, nə də danışıqlara başlayacaq.

İranın əsas tələbləri sırasında ABŞ sanksiyalarının ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi və müharibə nəticəsində dəymiş ziyana görə kompensasiya məsələləri yer alır. Vaşinqton isə əksinə, nüvə proqramı ilə bağlı məsələlərin hər hansı ilkin danışıqların ayrılmaz hissəsi olmasında israrlıdır. Bu mövqe tərəflər arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır.

Qətərin vasitəçiliyi ilə aparılan diplomatik təmaslar ABŞ və İran arasında müharibənin yenidən alovlanmasının qarşısını almaq baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət beynəlxalq enerji təhlükəsizliyi və dünya iqtisadiyyatı üçün ciddi narahatlıq mənbəyidir. Bu strateji su yolunda hər hansı uzunmüddətli məhdudiyyət qlobal neft və qaz tədarükünə, eləcə də beynəlxalq bazarlarda qiymətlərin dəyişməsinə təsir göstərə bilər.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra regionda qarşıdurma daha da genişlənib. İranın cavab zərbələri, Körfəz ölkələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi, Livanda İsrail ilə Hizbullah arasında döyüşlərin davam etməsi və Yəməndə husilərin hücumları böhranın regional miqyasını artırıb.

Hazırda diplomatik təşəbbüslərin hansı nəticə verəcəyi açıq qalır. İranın təklifinin ABŞ tərəfindən nəzərdən keçirilməsi danışıqlar üçün müəyyən imkanın mövcudluğunu göstərsə də, tərəflərin ilkin şərtləri arasındakı ziddiyyətlər hələ də aradan qalxmayıb. Beynəlxalq ictimaiyyət isə regionda yeni hərbi eskalasiyanın qarşısının alınması və münaqişənin siyasi-diplomatik vasitələrlə həlli istiqamətində atılacaq addımları diqqətlə izləyir.

N.Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью