Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran uzun müddətdir davam edən sanksiyalar fonunda olduqca ağır duruma düşüb. Bu azmış kimi, ABŞ ilə İsrailin İrana qarşı müharibəsi də ölkəni daha bərbad duruma salıb.
Amma buna rəğmən Tehran hələ də nüvə proqramı məsələsində Qərbin tələblərilə tam olaraq razılaşmır. Tehran nüvə silahı yaratmayacağını bəyan etsə də, görünən odur ki, Qərb buna o qədər də inanmır. Tehran həmçinin uranın zənginləşdirilməsinə maraq göstərir ki, Qərb buna da “yox” deyir.
Digər tərəfdən, öldürülən Ali dini lideri Əli Xamenei İranın nüvə silahı yaratmayacağı barədə fətva da verib.
İran bu qədər məhrumiyyətlər içində ola-ola onun sözügedən məsələdə dirəniş göstərməsinə dəyərmi? Qarşılığında nə ala biləcək ki, geriyə addım atmaq istəmir? Verilən fətvaya gəldikdə, situasiyadan asılı olaraq o ləgv oluna bilərmi?
Politoloq Əlimusa İbrahimov “Bakupost”a bildirib ki, ABŞ ilə İran arasındakı danışıqlarda düyünə düşən nöqtə İranın nüvə proqramıdır:
“ABŞ Prezidenti Donald Tramp çıxışlarında dəfələrlə bəyan edib ki, İran nüvə silahı əldə etməyəcək. Amma İranın bu barədə götürdüyü öhdəliklər də şifahi öhdəliklərdir və bu məqam heç bir sənəddə, müqavilədə öz əksini tapmayıb. İran rəsmiləri dəfələrlə bəyan edib ki, məqsədləri heç də nüvə silahı əldə etmək deyil. Amma buna baxmayaraq onların əlində 60 faizə qədər zənginləşdirilmiş 430 kq uran var. Bu isə o deməkdir ki, nüvə silahı yaratmaq üçün uranın zənginləşdirilməsi üzrə 90 faizə çatmağa, az məsafə qalıb. İranın öldürülən dini lideri vaxtilə nüvə silahının haram olduğu barədə fətva da verib”.
Ekspert hesab edir ki, burada problem uranın zənginləşdirilməsi məsələsindədir:
“Qərb və İsrail İran tərəfinin uranın zənginləşdirilməsi cəhdlərinə qarşı çıxır. Onlar çalışır ki, İran nüvə silahı sahəsində ümumiyyətlə tədqiqatlar aparmasın. Tehran isə bu məsələdə razılığa gəlmir. İddia edir ki, nüvə proqramı ölkənin elm və texnologiyasının inkişafı yolunda mühüm amildir. Bu ölkə İslam inqilabından əvvəl belə həmin sahəyə sərmayə qoyub. Ona görə də Tehran uranın zənginləşdirilməsi məsələsində geri addım atmır. Belədə Tehranda düşünürlər ki, uranın zənginləşdirilməsi haqqına sahibdirlər”.
Dinşünas Elşad Miri isə şiəlik cərəyanında dini liderin verdiyi fətvaların ləğv edilə biləcəyini istisna etmədi:
“Şiəlik anlayışında belə bir məsələ var ki, ona da təqiyyə deyilir. Məsələn, bir fətva verilə, hökm çıxarıla bilər. Amma sonra qarşısındakı insanın tutumuna, rəftarına görə onun xoşuna gələ bilən bir fikirlə ortaya çıxa bilərlər. Yalnız güc sahibi olandan sonra onun əksini etməyə icazə verilir. Buna da təqiyyə deyilir. Məhəmməd peyğəmbərin nəvələrindən olan Cəfəri Sadiq barədə deyirlər ki, guya o, təqiyyənin öz atalarının dini olduğunu bildirib. Quranda bunu görə bilmərik. Amma İran ideologiyasında bunun şahidi oluruq”.
Rüfət Sultan,
BakuPost