Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"ABŞ-ın İrana mümkün hücumu artıq lokal deyil, regional müharibəyə səbəb ola bilər..."
İran parlamenti (Məslis) Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməsinə cavab olaraq, Avropa ölkələrinin silahlı qüvvələrini "terrorçu qruplaşmalar" siyahısına daxil etdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə parlamentin sədri Məhəmməd Baqer Qalibaf bəyanatla çıxış edib. Məlumatı "Əl-Ərəbiyyə" telekanalı yayıb.
İran parlamentindən simvolik addım
Telekanalın məlumatına görə, Qalibaf çıxışı zamanı nümayişkaranə şəkildə SEPAH formasında görünüb və bildirib ki, qərar "SEPAH-ın terrorçu elan edilməsinə qarşı tədbirlər haqqında" qanunun 7-ci maddəsinə əsaslanır. Onun sözlərinə görə, bu maddə Avropa ordularının terrorçu strukturlar kimi tanınmasına hüquqi əsas yaradır.
Bəyanatdan sonra SEPAH formasında olan iranlı deputatlar parlament zalında "Amerikaya ölüm!", "İsrailə ölüm!", "Avropa, sən rüsvay olmusan!" kimi şüarlar səsləndiriblər. Qərarın real praktik nəticələrinin hələlik qeyri-müəyyən olduğu bildirilir və addım daha çox siyasi-simvolik xarakter daşıyır.
Brüsselin qərarı və qarşıdurmanın dərinləşməsi
Avropa İttifaqının qərarı SEPAH-la istənilən əməkdaşlığın qadağan olunmasını, aktivlərin dondurulmasını, maliyyələşmənin və əlaqələrin kəsilməsini nəzərdə tutur. Brüsseldə vurğulanır ki, SEPAH İranın xarici hərbi əməliyyatlarında və ölkə daxilində etirazların sərt şəkildə yatırılmasında əsas rol oynayır.
Avropa strukturlarının qiymətləndirməsinə görə, SEPAH-ın nəzarətində və ya iştirakı ilə fəaliyyət göstərən təşkilatlar da sanksiyalar altına düşür. Tehran isə bu qərarı açıq düşmənçilik aktı kimi qiymətləndirir və Avropa ilə münasibətlərdə gərginliyin artacağını bildirir.
Sərt ritorika fonunda diplomatik siqnallar
Parlamentdəki aqressiv ritorikaya baxmayaraq, İran rəsmiləri diplomatik kanalların tam bağlanmadığını deyir. İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşən İran XİN rəhbəri Abbas Araqçı Tehranının "ədalətli və məntiqli" danışıqlara açıq olduğunu, lakin şərt diktəsini qəbul etməyəcəyini bildirib.
Bu açıqlamalar ABŞ prezidenti Donald Trampın sərt xəbərdarlıqları ilə eyni vaxta təsadüf edir. Tramp hərbi variantın masada qaldığını gizlətməyib, İranın ali dini lideri ayətullah Əli Xamenei isə mümkün hücumun artıq lokal deyil, regional müharibəyə səbəb ola biləcəyini bəyan edib.