Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Danışıqların yeri niyə dəyişdirildi?
İrandakı hakim rejim növbəti dəfə öz çirkin və xain simasını göstərib. Məlum olduğu kimi, ABŞ-nin İran ətrafında kütləvi hərbi qüvvə toplaması və hədə-qorxuları Tehrandakı rejimi bərk narahat etdiyindən, Xamenei hakimiyyəti Tramp administrasiyası ilə razılığa can atmağa başlayıb.
Bu zamansa Türkiyəyə vasitəçilik üçün əl açıb. Bunun göstəricisi olaraq, bir neçə gün əvvəl İranın Xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə vasitəçilik xahişi ilə Türkiyədən kömək istəməkdən ötrü tələsik Ankaraya gəlib. Türkiyə də qonşu ölkəyə öz yardım əlini uzadıb. Buna görə Türkiyə ilə ABŞ arasında bir neçə günlük gərgin danışıqlar aparılıb. Rəsmi Ankara bu müddət ərzində Trampın İrana hücumunun qarşısını almaq üçün xeyli səy göstərib. Nəhayət, uzun müzakirələrdən sonra ABŞ-İran görüşünün 6 fevralda İstanbulda keçirilməsi qərara alınıb.
İndi isə məlum olur ki, İran görüşün İstanbulda keçirilməsini istəmir. İran rəsmiləri fars rejiminin ABŞ və Qərblə danışıqların Omanda keçirilməsini istədiyi barədə mesajlar çatdırıblar. ABŞ tərəfi də bununla razılaşıb. Artıq görüşün Omanda keçiriləcəyinə dair rəsmi məlumat yayılıb. Hansı ki, Ankara bu görüşə xüsusi hazırlıqlar görmüş, onun baş tutması üçün xeyli zəhmət çəkmişdi…
Bəs Tehranın əvvəlcə vasitəlik üçün yalvardığı Türkiyədə görüşdən sonra imtina etməsi nə ilə bağlıdır?
Bunun adı sadəcə, nankorluqdur. Məsələ ondadır ki, İrandakı irticaçı rejim hazırkı acınacaqlı, bərbad vəziyyətində belə, Türkiyənin bölgədə nüfuzunun artmasından qorxur, bunu qətiyyən istəmir! Hazırda “can üstə” olmasına baxmayaraq, Tehran yenə Ankara ilə çirkin rəqabətin, paxıllığın hayındadır. Bu vəziyyətində də Türkiyənin regional təsirinin artmasının qarşısını almaq üçün əlindən gələni edir, özündən olsa, onunla nüfuz davası aparır.
İran rejimi hesab edir ki, Ankaranın vasitəçiliyi ilə ABŞ ilə hansısa sülh müqaviləsi imzalanarsa, bu, həm vasitəçi, həm də siyasi güc olaraq Türkiyəni regionda ön plana çıxara bilər. Hansı rəsmi izahların verilməsindən, yaxud veriləcəyindən asılı olmayaraq, görüşün İstanbuldan Omana keçirilməsinin əslində, məhz bununla bağlı olduğu heç bir şübhə doğurmur…
Maraqlı məqam isə odur ki, bu məsələdə İranla eyni mövqedə olan, danışıqların Türkiyədə keçirilməsini istəməyən bir ölkə də var - İsrail! Bəli, fars rejiminin Azərbaycandakı “aşıqləri” başda olmaqla, çoxları üçün nə qədər qəribə səslənsə də, İsrail İranla eyni mövqedən çıxış edir. Özü də təkcə bu məsələdə yox…
Bütün bunlar bir daha göstərir ki, İslam dünyasının əsl düşməni, ona ən çox təhlükə törədən, məzhəbçilik, ayrıseçkilik, ara qarışdırmaqla onun birliyini baltalayan kimdir…
C.Məmmədli
“AzPolitika.info”