İran, Rusiya və Çin liderləri bir arada BRICS sammiti başlayır

09.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Hindistan sentyabrın 12-13-də BRICS ölkələrinin 18-ci sammitinə ev sahibliyi edəcək. Sammitdə İran Prezidenti Məsud Pezeşkian, Rusiya Prezidenti Vladimir Putin və Çin liderii Si Cinpin də iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Sammit Yeni Dehlidə keçiriləcək. Görüşdə BRICS ölkələri arasında iqtisadi, siyasi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də üzv dövlətlərin qlobal proseslərdə rolunun artırılması əsas müzakirə mövzularından olacaq.

Hindistan mediasının yazdığına görə, Yaxın Şərqdəki vəziyyət və İranla bağlı son geosiyasi proseslər də liderlərin müzakirələrinə və sammitin yekun bəyanatına təsir göstərə bilər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Prezident Məsud Pezeşkianın Hindistana səfəri cümə və ya şənbə günü baş tutacaq.

“Bu, çox mühüm səfərdir. Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi çoxtərəfli platformalar İran İslam Respublikası üçün böyük əhəmiyyət daşıyır”, – deyə Baqai qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov BRICS ölkələri arasında iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Reuters-in məlumatına görə, Rusiya və Hindistan son illərdə rubl və rupiyə əsaslanan ikitərəfli ödəniş infrastrukturunu inkişaf etdirib və iki ölkə arasındakı ticarətin böyük hissəsi milli valyutalarla həyata keçirilir.

Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri də diqqət mərkəzində olacaq. Hindistan mediası Baş nazir Narendra Modinin Si Cinpin və digər dövlət başçıları ilə görüşlərini əsas müzakirə mövzularından biri kimi qiymətləndirir. Kreml isə Putinin sammitdə iştirak edən liderlərlə ikitərəfli görüşlər planlaşdırdığını bildirib.

Qeyd edək ki, BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çinin iştirakı ilə yaradılıb. İlk sammit 2009-cu ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilib. Cənubi Afrika 2010-cu ildə qrupa qoşulduqdan sonra təşkilatın adı BRICS olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью