Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Kəşfiyyat məlumatlarına görə, Rusiya İranı hava hücumundan müdafiə və raket sistemlərinin gücləndirilməsi üçün texniki yardım və hərbi avadanlıqla təmin edir"
Son aylarda Yaxın Şərqdə hərbi-siyasi balansın dəyişməsi ilə bağlı yayılan məlumatlar İranın regional və qlobal güclərlə münasibətlərini yenidən diqqət mərkəzinə çıxarıb. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi zərbələrdən sonra Tehranın müdafiə və raket infrastrukturunun ciddi zərər gördüyü bildirilib. Lakin sonrakı kəşfiyyat hesabatları İranın bu itkiləri qısa müddətdə kompensasiya etməyə çalışdığını göstərir.
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Larri Consonun fikirləri də bu mənzərəni təsdiqləyir. Conson qeyd edir ki, 2025-ci ilin iyun ayında baş verən 12 günlük münaqişədən sonra Rusiya və Çin İrana geniş hərbi dəstək veriblər və nəticədə İranın ballistik raket imkanları yalnız qorunmayıb, əksinə, daha da güclənib. Onun sözlərinə görə, “İran raket qabiliyyətini bərpa edib və hazırda daha güclü mövqedədir”. Bu açıqlama, mövcud kəşfiyyat məlumatları ilə paralel olaraq, Tehranın regional hərbi balansda güclənən mövqeyini və strateji imkanlarının artdığını göstərir.
Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlamasında ABŞ, İran, İsrail və Çin arasındakı mövcud münasibətlərdən danışıb:
"İyun ayında 12 gün davam edən ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı Tehranın hava hücumundan müdafiə sistemlərinə, raket istehsal müəssisələrinə və nüvə sınaqları ilə bağlı infrastruktura ciddi zərər dəydiyi müxtəlif hesabatlarda qeyd olundu. ABŞ və İsrail mənbələri bildirirdi ki, bu hücumlar nəticəsində İranın raket zavodları və hərbi sınaq imkanları əhəmiyyətli dərəcədə zəiflədilib. Lakin sonrakı dövrdə yayılan kəşfiyyat məlumatlarına görə, İran Çinlə imzaladığı ikitərəfli razılaşmalar çərçivəsində ciddi texniki dəstək alıb. Bu dəstək xüsusilə qatı yanacaqlı raket sistemlərinin yenidən aktivləşdirilməsinə yönəlib.
Hesabatlarda qeyd olunur ki, Çin şirkətləri İrana ballistik raket komponentləri, texniki xidmət, hərbi avadanlıq və ehtiyat hissələri təmin edir. Bu əməkdaşlığın İranın raket potensialının bərpasında mühüm rol oynadığı bildirilir.
Bu çərçivədə İran prezidenti Pəzeşkianın Çinə etdiyi səfərlər xüsusi diqqət çəkir. Məlumatlara görə, Çin rəsmiləri ilə keçirilən ikitərəfli görüşlər zamanı bu əməkdaşlıqlar razılaşdırılıb. Mövcud məlumatlara əsasən, İran Çinə neft ixracı həyata keçirir. Bunun qarşılığında isə bərk yanacaqlı ballistik raket komponentləri və müxtəlif hərbi avadanlıqlar əldə edir".
Politoloq söyləyib ki, İranın Rusiyadan da ciddi texniki dəstək aldığı bildirilir:
"Kəşfiyyat məlumatlarına görə, Rusiya İranı hava hücumundan müdafiə və raket sistemlərinin gücləndirilməsi üçün texniki yardım və hərbi avadanlıqla təmin edir.
Bu dəstəyin müqabilində İranın Rusiyaya 3 milyard dollardan artıq dəyərdə raket tədarük etdiyi iddia olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda İranın Rusiyaya geniş miqyasda raket verdiyinə dair məlumatlar mövcuddur.
Beləliklə, Rusiya və Çin İranın müdafiə sistemlərinin bərpası və gücləndirilməsi üçün həm texniki, həm də maddi dəstək göstərir. İran isə buna qarşılıq olaraq Çinə neft ixrac edir, Rusiyaya isə raket tədarükü həyata keçirir. Qeyd olunur ki, bu məqamlar ABŞ və İsrailin kəşfiyyat hesabatlarında da öz əksini tapıb. Həmin hesabatlarda İranın hərbi potensialının yenidən formalaşdırıldığı vurğulanır".
Analitikin sözlərinə görə, İranın hərbi baxımdan yenidən gücləndiyini nümayiş etdirmək məqsədilə müəyyən addımlar atdığı müşahidə olunur:
"Bu çərçivədə İran donanması müxtəlif hərbi təlimlər vasitəsilə güc nümayişi həyata keçirir. Eyni zamanda, Rusiya və Çinin dəstəyi ilə yenidən aktivləşdirilən raket sistemləri hərbi paradlarda və təlimlər zamanı nümayiş etdirilir və praktik istifadəyə cəlb olunur. Bu fəaliyyətlər İranın hərbi potensialının bərpa edildiyini və artırıldığını göstərmək məqsədi daşıyır. Xüsusilə Hind okeanı və Oman körfəzində İranın avqust ayında keçirdiyi hərbi təlimlər, zərər görmüş hərbi obyektlərin yenidən fəaliyyətə başladığını və ölkənin hərbi imkanlarının yüksəldildiyini nümayiş etdirməyə yönəlib. Avqust ayından bu günə qədər keçən təxminən 4-5 aylıq müddət ərzində isə İranın Rusiya və Çinin dəstəyi ilə hərbi potensialını daha da artırdığı qiymətləndirilir".